Partiya xəbərləri
“Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”
Aprelin 19-da Naxçıvan şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanmış tədbirlər planına müvafiq olaraq “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyev Muzeyi ziyarət olunub.
Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar Siyasət Komitəsinin sədri Elman Cəfərli mövzunun əhəmiyyətindən bəhs edib. Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat işlərinin önəmindən danışan E.Cəfərli cəmiyyətin inkişafı üçün vacib amillərdən birinin məhz sağlam həyat tərzi olduğunu diqqətə çatdırıb. O, narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə müvafiq proqramların qəbul edilməsinin sağlam gələcəyimiz üçün önəmli olduğunu vurğulayıb. Elman Cəfərli çıxışında Naxçıvan MR-da narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirləri haqqında da məlumat verib.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva ölkəmizdə narkomaniyaya qarşı ciddi mübarizə aparıldığını bildirib. O qeyd edib ki, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirilməsidir. Təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın zərərləri barədə maarifləndirmə kampaniyalarının aparılması bu baxımdan olduqca önəmlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, narkomaniya müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla yanaşı, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amillərdən biridir. Onun sözlərinə görə, bu kimi zərərli vərdişlər bir çox ailələrin dağılmasında da əsas səbəblərdən biridir. Buna görə də sağlam ailə, sağlam cəmiyyət naminə zərərli vərdişlərə qarşı mübarizə hər zaman aktualdır. R.Seyidova rəhbərlik etdiyi qurumun bu istiqamətdə həyata keçirdiyi maariflənmə tədbirləri haqqında da məlumat verib.
Sonra çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, müasir dövrdə gəncləri zərərli vərdişlərdən qorumaq mühüm çağırışdır. Gənclər daha çox biliklər qazanmağa, sağlam həyat tərzinə üstünlük verməli, eyni zamanda, narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər. Onun sözlərinə görə, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması da onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev isə bildirib ki, narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. O qeyd edib ki, dövlət tərəfindən bu sahədə zəruri tədbirlər həyata keçirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın bir çox bəndləri məhz maarifləndirmə məsələlərinə həsr olunub.
Çıxış edən Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov narkotik maddələrin insan sağlamlığına vurduğu zərərdən və törətdiyi fəsadlardan ətraflı bəhs edib. O, gəncləri bu bəladan uzaq olmağa çağırıb.
Sonra gənclərin sualları cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.