YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizin siyasətində milli maraqlarımız ən başlıca amildir

“Azərbaycan dövlətinin xarici siyasətində beynəlxalq hüquq norma və prinsiplərinə, eləcə də diplomatik münasibətlərdə qəbul olunmuş müvafiq konvensiayalara və digər sənədlərə tam riayət olunur. Belə olan halda Fransanın ölkəmizdəki səfirinin məsləhətləşmələr üçün geri çağırılması suallar doğurur. Əslində, Parisin öz səfirini geri çağırmasında bir sıra amillər var”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan həmişə bütün dövlətlərlə bərabərhüquqlu, normal münasibətlər qurmağa üstünlük verib və bu yanaşmanı davam etdirir. Digər tərəfdən, dövlətimizin siyasətində milli maraqlarımız ən başlıca amildir. Müasir dünyada bir çox dövlətlər müəyyən səbəblərdən tərəf tutur. Lakin  Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir. Azərbaycan həm Şərq, həm  Qərblə, o cümlədən  Rusiya ilə balanslı münasibətləri qoruyub saxlaya bilir.  Amma Fransa kimi ölkələr müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərməyə, nəyisə diqtə etməyə çalışıb. Bu isə bizim üçün qəbulolunmazdır. Fransanın ölkəmizdəki səfirinin geri çağırılmasınin səbəblərindən biri də budur.

Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində obyektiv mövqe sərgiləməyib, dolayısı ilə Ermənistanın tərəfini tutub, işğalçı ölkəyə heç bir təzyiq göstərməyib. Lakin Azərbaycan özünün ərazi bütövlüyünü öz gücünə bərpa edərkən Fransa gerçək simasını göstərməyə başladı və açıq-aşkar işağlçı Ermənistana və Qarabağdakı erməni separatçılarına dəstək ifadə etdi. Emmanuel Makronun prezidentliyi illərində rəsmi Bakının münasibətləri normallaşdırmaq üçün bütün səylərinə baxmayaraq, Fransanın Cənubi Qafqazdakı ermənipərəst siyasəti ən yüksək zirvəsinə çatıb. Rəsmi Bakının bəyan etdiyi kimi, Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. Bundan əlavə, Fransa BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənədlər qəbul olunmasına çalışıb. Eləcə də, Fransa parlamenti Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Lakin Fransanın bu cəhdləri heç bir nəticə vermir. Öz siyasətində beynəlxalq hüquq və prinsiplərinə əsaslanan Azərbaycan 44 günlük müharibədən sonra daha da güclənib, Cənubi Qafqazda yeni reallıqlar yaradıb və heç bir qüvvə bu reallıqları dəyişdirə bilmir. İki qardaş olan Azərbaycanla Türkiyə regionun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir. Fransanın isə tarixən türklərə olan münasibəti məlumdur və bu gün türk dövlətlərinin güclənməsini, bütövlükdə türk dünyasının birliyini həzm edə bilmir. Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının səbəblərindən biri də məhz bu amildir.

“Üçüncü amil isə ondan ibarətdir ki, Makron hakimiyyəti erməni elektoratın dəstəyini  qazanmaq üçün belə addımlar atır. Məlumdur ki, iyun ayında Avropa Parlamentinə seçkilər olacaq. Rəsmi Parisin  həm Fransada, həm də bütövlükdə Avropa məkanında mövqelərinin möhkəmləndirilməsi üçün erməni elektoratın dəstəyinə çox ehtiyac var. Xüsusilə, ən maraqlısı odur ki Azərbaycandan geri çağırılmış səfiri prezident Makron şəxsən qəbul etsə də, o, Nigerdən qovulmuş Fransa səfirini qəbul etməyib. Hansı ki, Parisin Nigerdə strateji maraqları var. Nigerdə baş vermiş məlum hadisələrdən sonra ölkəsinin səfirini qəbul etməyən Makronun indi belə bir addım atması suallar doğurur. Yəqin ki, bütün bunların arxasında hansısa səbəblər dayanır. Amma bütün hallarda Paris dövlətimizin haqlı mövqeyinə təsir edə bilməyəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.