Xəbərlər
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
Aprelin 9-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pakistanın Baş naziri Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, xalqımıza firavanlıq arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Məhəmməd Şahbaz Şərifi təbrik edərək Pakistan xalqına ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev, eyni zamanda, Məhəmməd Şahbaz Şərifi yenidən Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Pakistanın Baş naziri də İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində uğurlar diləyib.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edərək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.