YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərdə etimad mühitinin qorunması

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun  aprelin 4-də ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər tarixi səfərdir. Ölkə başçısı bildirdi ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Azərbaycanın təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilmişdir. Belə ki, məhz Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması üzv ölkələrin marağındadır. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur və bu gün də bu belədir. Ölkəmizin xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır.

Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, BMT və Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimizin mövcud əməkdaşlıq əlaqələri inkişaf etdiriləcəkdir. Azərbaycan və Konqo bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcəklər. Bundan əlavə, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. İlk növbədə bura kənd təsərrüfatı sahəsi daxildir. Həmçinin bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var.

Konqo Respublikasının Prezidenti Azərbaycana ilk rəsmi səfəri ölkələrimiz arasında yeni səhifə açır və iki ölkə arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri zamanı Azərbaycan-Konqo sənədləri imzalanmışdır.  Belə ki, “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, eləcə də  “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı” adlı sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın perspektivlərini müəyyən edəcəkdir. “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” çox önəmli  bir sənəddir və münasibətlərin təməlini təşkil edəcəkdir.