YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı sülhün və təhlükəsizliyin təmin olunması vacibdir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandıran dövlət başçısı İlham Əliyev bu məkandan Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək son üç ildən artıq dövrün qürurverici məqamlarını diqqətə çatdırdı: “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.”

Ölkə Prezidenti bu reallığı da xüsusi qeyd etdi ki, iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı  mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat  imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Azərbaycan tarixi Zəfərindən sonra bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ölkəmiz bununla münasibətlərdə yeni səhifənin açılması istəyini ortaya qoydu. Təbii ki, bu o demək deyil ki, Ermənistanın illərdir Azərbaycana qarşı törətdiyi təxribatlar, faciələr, torpaqlarımızın işğaldan azad edilməsi üçün canları, qanları ilə tarix yazan Vətən oğulları unudulur. Bunlar tarixdir, hər yeni nəsil çoxəsrlik tariximizin bu səhifələrini dərindən öyrənəcək, Ermənistanın əsassız torpaq iddiasının  hansı faciələrə yol açdığı barədə dolğun məlumatlara malik olacaq. Tarixi Zəfərimizin yaratdığı reallıqların  həyata keçirilməsi üçün davamlı sülhün və təhlükəsizliyin təmin  olunması vacibdir.

Azərbaycan dövləti 30 illik işğal dövründə münaqişənin həlli üçün bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan səmərəli istifadə etmək istəyini nümayiş etdirdi. Baxmayaraq ki, tarixə qovuşan Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri işğal dövründə Azərbaycanın bu istəyini onların vasitəçiliyindən imtina kimi dəyərləndirərək, ümumilikdə ölkəmizin  sülh danışıqlarının aparılmasında maraqlı olmadığını bildirdilər. Hadisələrin gedişi Ermənistanın bu təbliğatının  nəinki əsassız olduğunu, eyni zamanda, təcavüzkar dövlətin yeni müharibə planları uğrunda mübarizə apardığını ortaya qoydu.

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri Ermənistana və ona 30 ildə dəstək missiyasını yerinə yetirən bəzi dünya dövlətlərinə bir sıra mesajları çatdırdı. Ədalətə və beynəlxalq hüquqa söykənən siyasət həmişə qalib, real faktlara əsaslanan təbliğatın ömrü isə  uzun olur. Necə ki, Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətinə baxmayaraq ən yüksək tribunalardan erməni vəhşiliklərini, onların əsl simalarını tarixi həqiqətlər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edir. Bütün dövrlər üçün aktual olan çağırış budur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm olmalıdır. Ölkə Prezidenti daim bu reallığı diqqətə çatdırır ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan 44 günlük İkinci  Qarabağ münaqişəsində ərazi bütövlüyümüzü və tarixi ədaləti  özü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.

Cənab İlham Əliyev hər zaman Azərbaycanın müstəqil, beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarından bəhs edir. Xarici siyasət kursunun  prinsiplərini dəyişməz hesab edən, hər bir məsələnin həllində beynəlxalq hüququ önə çəkən, heç bir dövlətin daxili işinə müdaxilə etməyən, öz daxili işinə müdaxiləni də  yolverilməz hesab edən Azərbaycanın regional və beynəlxalq təşkilatlarda artan nüfuzu göz önündədir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər dəyərlidir.

Cənab İlham Əliyev Novruz təbrikində bu reallığı da xüsusi qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmadı, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi.

Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad etdi. “Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur” söyləyən cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik: “Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.”

Tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir.