Xəbərlər
Novruz dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Bayramlar içərisində bir bayram var, xalqımızın ən əziz, ən doğma, ən sevimli bir bayramı - Novruz bayramı! Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd edilir. Bu bayram Azərbaycanda mənşəyi qədim olan bayramlardan biridir. Xalqımız elə indidə qədim zamanlardan olan adət-ənənələri özlərində saxlamışlar. Novruz bayramı sevinc üzərində qurulan əyləncələrlə, oyunlarla zəngin olan bir bayramdır. Azərbaycan xalqının həvəslə və geniş şəkildə qeyd etdiyi Novruz bayramında süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Süfrəyə su, güzgü, qızıl əşyaları da qoyulur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər. Novruz bayramı zamanı uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Bundan başqa kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərirlər. Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir, onları əyləndirirlər.
Adət-ənənələrə görə bu bayramda hamı özünə təzə paltar alarlar, tonqal yandırarlar, Novruz xonçası bəzəyərlər, yumurta boyayarlar, gün çıxmamış su üstündən atlanarlar, şam yandırarlar, küsülü qalmazlar, nişanlı qızlara bayram payı apararla, novruzgülü dərərlər, qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.
Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”
Martın 21-də gecə-gündüz bərabərləşir. Novruzdan əvvəlki son 4 çərşənbəyə ölkəmizdə xüsusi əhəmiyyət verilir. Novruza yaradılışının mərhələlərini işarələyən 4 ünsür bunlardır; (su, od, külək və torpaq). Bu bayramın tarixi çox qədimlərə dayanır. Mənbələrdə ulu Zərdüşt dinindən gəldiyi qeyd olunur. Eyni zamanda bu bayram Hicri-şəmsi və Bəhai dininin təqvimində də yeni ilin ilk günü kimi qeyd olunur. Çünki yazın gəlişi təbiətin oyanması yeni fəsilə giriş kimi hesab edilir. Hətta buna görə Novruzun əkinçilər bayramı olduğu da deyilir. Hər il bu bayram bizə sevdiklərimizi daha yaxın edir, dostlarla, qohum-qonşularla xoş anlar keçirməyimiz üçün gözəl fürsət yaradır.