YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerji strategiyası yeni mərhələdə

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası qlobal enerji gündəliyinin müzakirə edildiyi mühüm beynəlxalq platformaya çevrilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev enerji təhlükəsizliyinin təmin olunmasında əməkdaşlığın və qarşılıqlı etimadın rolunu xüsusi vurğulayaraq Azərbaycanın bu sahədə artan əhəmiyyətini bir daha diqqətə çatdırıb.

Prezident qeyd edib ki, son illərdə dünyada baş verən mürəkkəb geosiyasi proseslər enerji təhlükəsizliyinin təmin edilməsində dövlətlər arasında dialoq və birgə qərarların nə qədər vacib olduğunu aydın şəkildə göstərir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının fəaliyyəti də məhz bu məqsədə xidmət edir. Artıq on ildən çoxdur ki, bu platforma çərçivəsində tərəfdaş ölkələr enerji sahəsində görülən işləri qiymətləndirir, qarşıda duran çağırışları müzakirə edir və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirirlər. Prezident İlham Əliyev vurğulayıb ki, son 12 ildə region və dünya müxtəlif çətinliklərlə üzləşsə də, Azərbaycan və tərəfdaşları enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verərək bir sıra ölkələr üçün etibarlı enerji mənbəyi rolunu uğurla yerinə yetirib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın qaz təchizatı coğrafiyası son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Əgər əvvəlki dövrdə Azərbaycan qazı 12 ölkəyə tədarük edilirdisə, hazırda bu göstərici 16 ölkəyə çatıb. Bu, Azərbaycanı boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci mövqeyə çıxarıb. Prezident İlham Əliyev qeyd edib ki, qaz təchizatının genişləndirilməsi ilə bağlı planlar ardıcıl şəkildə həyata keçirilir və artıq Azərbaycanın enerji ixracı Avropa hüdudlarından kənara da yayılmağa başlayıb. Bu çərçivədə ilk dəfə olaraq Suriyaya qaz tədarükünə başlanılması regionda enerji qıtlığının aradan qaldırılmasına mühüm töhfə kimi qiymətləndirilib.

Prezident çıxışında enerji siyasətində şaxələndirmənin mühüm rol oynadığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, qaz təchizatının şaxələndirilməsi həm istehlakçı, həm də istehsalçı ölkələr üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan istehsalçı ölkə kimi yeni bazarların açılması və enerji marşrutlarının genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Dövlət başçısı qeyd edib ki, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında formalaşmış əməkdaşlıq modeli qarşılıqlı fayda və ortaq maraqlar prinsipi əsasında qurulduğu üçün bu tərəfdaşlıq uzunmüddətli və davamlı xarakter daşıyır.

Prezident İlham Əliyev Azərbaycanın Avropa enerji bazarında mövqelərinin daha da möhkəmləndiyini də diqqətə çatdırıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını idxal edir. Son dövrlərdə isə Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb. Dövlət başçısı bildirib ki, yaxın illərdə yeni qaz yataqlarının işlənməsi və hasilatın artırılması hesabına ixrac imkanları daha da genişlənəcək. Bu istiqamətdə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarının istismara verilməsi, “Abşeron” yatağının tammiqyaslı işlənməsi və “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilatın başlanması planlaşdırılır. Eyni zamanda, “Şahdəniz” yatağında yeni mərhələ üzrə qaz hasilatının 2028-ci ildə başlanacağı gözlənilir. Bu layihələr nəticəsində maksimum istehsal səviyyəsində 10–15 milyard kubmetr əlavə qaz əldə etmək mümkün olacaq.

Bununla yanaşı, Prezident İlham Əliyev enerji siyasətində yaşıl enerji gündəliyinin də mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına böyük önəm verir və bu sahədə artıq mühüm layihələr həyata keçirilib. Cari ilin yanvar ayında regionun ən böyük külək elektrik stansiyası – 240 meqavat gücündə olan obyekt istifadəyə verilib. Bu layihə “ACWA Power” şirkəti tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Daha əvvəl isə “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə günəş elektrik stansiyası inşa olunub. Hazırda alternativ enerji sahəsində bir sıra yeni layihələr icra mərhələsindədir.

Prezident qeyd edib ki, Azərbaycan gələcək illərdə enerji infrastrukturunun genişləndirilməsi və regionlararası enerji bağlantılarının gücləndirilməsi istiqamətində də mühüm addımlar atır. Xüsusilə Qara dənizin dibi ilə Azərbaycandan Avropaya çəkiləcək enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana uzanacaq enerji kabeli kimi layihələr regional enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaq.

Dövlət başçısı bildirib ki, Azərbaycanın məqsədi 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə etməkdir. Bu enerji yalnız daxili tələbatın ödənilməsi üçün deyil, həm də ixrac üçün nəzərdə tutulur. Alternativ enerji istehsalının artırılması nəticəsində hazırda elektrik istehsalında istifadə olunan təbii qazın bir hissəsi ixrac üçün yönəldiləcək ki, bu da Azərbaycanın enerji siyasətində strateji balansın təmin olunmasına xidmət edəcək.

Prezident İlham Əliyev çıxışında enerji siyasətinə praqmatik yanaşmanın vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, dünya iqlim dəyişikliyi ilə mübarizə aparmalı olsa da, faydalı qazıntı yanacaqlarının rolunu tamamilə inkar etmək real yanaşma deyil. Azərbaycan həm ənənəvi enerji resurslarından, həm də bərpaolunan enerji mənbələrindən səmərəli şəkildə istifadə etməklə bu sahədə balanslı model formalaşdırır.

Dövlət başçısı həmçinin Azərbaycanın regionda etibarlı enerji tranzit ölkəsi rolunu oynadığını qeyd edib. Azərbaycan vasitəsilə Qazaxıstan və Türkmənistan nefti beynəlxalq bazarlara nəql olunur və bu sahədə infrastruktur imkanları genişləndirilməkdədir. Bununla yanaşı, Azərbaycanın enerji şirkətləri beynəlxalq layihələrdə də fəal iştirak edir. Belə ki, Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının alınması, Serbiyada 500 meqavatlıq elektrik stansiyasının inşası, eləcə də Aralıq və Egey dənizi regionlarında böyük neft emalı imkanlarının əldə olunması Azərbaycanın enerji siyasətinin qlobal miqyasda genişləndiyini göstərir.

Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində yalnız regional deyil, həm də qlobal miqyasda mühüm rol oynayan etibarlı tərəfdaşdır. Enerji ehtiyatlarının səmərəli idarə olunması, yeni enerji marşrutlarının yaradılması və bərpaolunan enerji mənbələrinin inkişafı ölkəmizin enerji strategiyasının əsas istiqamətlərini təşkil edir. Bu siyasət isə Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mövqeyini daha da möhkəmləndirir.

DİGƏR Xəbərlər Arxiv