YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Azərbaycan iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Hər il ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumu özündə bütün məqamları, dövrün çağırışlarını ehtiva edir. Martın 14-16 tarixlərində Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirildi. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak etdi. Gündəliyə uyğun olaraq COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparıldı, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunuldu.

Dövlət başçısı İlham Əliyev çıxışında tədbir iştirakçılarına belə müraciət etdi ki,    uzun illər bundan əvvəl qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilmiş ənənəvi Forumda görməkdən məmnunluq hissi keçirir. Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.

O da vurğulandı ki, dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.

Forum iştirakçılarının sayının rekord həddə olduğu xüsusi vurğulandı. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Qlobal gündəlikdə dayanan ən mühüm məsələlərin müzakirəsi Forumun əhəmiyyətini və nüfuzunu daha da artırır.

Dövlət başçısı İlham Əliyev 30 illik işğal dövrünün reallıqları əsasında diqqəti dünyanın ikili siyasətinə yönəltdi. Bildirdi ki, keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.

Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində həm tarixi Zəfərə imza atdı, həm də ötən il ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu gün onların yaratdığı reallıqları yaşayırıq. Azərbaycan qalib ölkə olaraq yeni reallıqların qəbul etdirilməsi istiqamətində mühüm addımlar atır və buna nail olub. Baxmayaraq ki, Ermənistana havadarlıq edən bəzi dünya gücləri vəziyyəti gərginləşdirmək üçün cəhdlər edirlər qarşısı qətiyyətlə alınır. Azərbayanın tarixi həqiqətlərə söykənən siyasəti belə cəhdlərin qarşısının alınmasında mühüm faktordur.

Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfərləri də mühüm məqamlarla, çağırışlarla yadda qaldı.

Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.

O da vurğulandı ki, uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik. Hazırda isə Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan sülh təklifini irəli sürüb. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir.  Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.

Azərbaycan-Gürcüstan münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdikləri infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, hər bir ölkənin inkişafında lider amili və düşünülmüş siyasət əsas rola malikdir. Azərbaycan hazırda təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir.