YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Martın 14-16 tarixlərində Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirildi. Forumun mövzusu hazırkı dövrün çağırışlarını özündə əks etdirir. Diqqət çəkən məqam həm ildən-ilə iştirakçıların sayında artımın olması, həm də tədbirin mövzularının dövrün çağırışları ilə uyğunlaşdırılmasıdır. Parçalanmış dünyanın bərpası ilk növbədə ədalətə və beynəlxalq hüquqa sözdə deyil, əməldə əsaslanmağı bir tələbə çevirir. Dünyanın əksər güclərinin ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verməsi etmadsızlıq mühitinin yaranmasına səbəb olub. Hazırkı dövrün mühüm çağırışlarından biri də məhz etimad mühitinin bərpası, ədalətin və beynəlxalq hüququn sözün əsl mənasında müdafiəsidir.  Forumda 70-dən artıq ölkədən 350-dən çox qonağın iştirak etməsi də mövzunun aktuallığını, eyni zamanda, forumun keçirilməsinə dəstəyin ifadəsidir.

Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından geniş bəhs edərək bildirdi ki, ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik. Biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digərləri kimi bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi nüfuzunun artmasında öz sözünü deyir. Belə ki, tədbir iştirakçılarının onlarla ölkələri təmsil etməsi bu sayda nümayəndə tərəfindən Azərbaycan həqiqətlərinin təbliği deməkdir. Forumda dövlətimizin başçısı İlham Əliyevin çıxış etməklə yanaşı, mühüm görüşlər keçirdi, mövcud reallıqlarımız barədə daha ətraflı məlumatlar verdi. Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 cənab İlham Əliyevin həm Forumdakı çıxışında, həm də görüşlərdə xüsusi diqqət göstərilən məsələlər sırasında oldu.

COP29-un ölkəmizdə keçirilməsi dünya ictimaiyyəti tərəfindən Azərbaycana  göstərilən böyük hörmət və rəğbətin nümayişidir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir. Ötən il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir.  230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq. İqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə uğurlarımızı əyani şəkildə göstərir. Cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq. Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni, biz müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var.

Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri uğurlarında öz sözünü deyir. Son günlərin əsas müzakirə mövzularından biri də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfərləridir.

İrakli Kobaxidzenin Baş nazir kimi ilk səfərini Azərbaycana etməsi münasibətlərimizin hazırkı inkişaf səviyyəsinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, Gürcüstanın Baş nazirinin - dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. Bizim nümayəndə heyətinin üzvləri bir-biri ilə uzun illər təmasdadırlar və onları da dostluq əlaqələri bağlayır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir. Gürcüstanın Baş naziri də öz növbəsində belə bir inamı ifadə etdi ki, bizim ölkələri tarixi dostluq bağları birləşdirir və bu münasibətlər çox möhkəm təməl üzərində qurulub. Bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir.

Azərbaycan-NATO münasibətləri də möhkəm təmələ əsaslanır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.

Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında əsas mənbə olan ölkəmizin artan rolundan bəhs edən Prezident İlham Əliyev onu da bildirdi ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir. Onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminik ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolu ilə diqqətdədir. Dövlətimizin  ədalətə və beynəlxalq hüquqa söykənən  müstəqil siyasəti uğurlarımıza yol açır.