YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindən olan ev sahibliyi etdiyi tədbirlər bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Bu baxımdan martın 14-16 tarixlərində keçirilən, “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu müzakirəyə çıxardığı məsələrlə, həmçinin beynəlxalq əhəmiyyəti ilə diqqətdədir.  Forum müzakirə üçün seçdiyi mövzu ilə hazırda dünyanı narahat edən məsələlərin həllinə nail olmaq üçün yolların araşdırılmasında əsas rol oynadı. Tədbirdə təhlükəsiz gələcəyin yol xəritəsi təqdim olundu. Bu günümüzün əsas məsələsi həmin yol xəritəsinə uyğun olaraq real addımları atmaqdır. Azərbaycan dövləti daim səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinin aparılmasına çağırışlar edir. Dövlət başçısı İlham Əliyev Forumda, həmçinin hər zaman aktuallığını qoruyan enerji təhlükəsizliyi məsələsinə də diqqəti yönəltdi.

Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqabiləsi”nin imzalanmasından öncə  Ulu Öndər Heydər Əliyev dünya təcrübəsinə əsasən bu çağırışı etmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqviləsi”nin uğurları bugünkü reallıqlarda, Azərbaycanın enerji diplomatiyasının davamlı uğurlarında özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev diqqəti COP29-a yönəldərək belə bir əminliyi ifadə etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırlıq işləri və tədbirin keçirilməsi zamanı Azərbaycanın fəal tərəfdaşı olacaqdır. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir: “Dəfələrlə ictimai bəyanatlarda da dediyim kimi, neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Hesab edirəm ki, bizi tənqid etməyə cəhd göstərənlər və bu qlobal tədbirə ev sahibliyi etmək şərəfinə bizi layiq görənlər anlamalıdırlar ki, bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var.”

Ötən ilin oktyabrında Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışı oldu.  Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir.  2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmaq hədəflənib. Bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb.

Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə işlər aparılır. Həmin layihənin texniki əsaslandırılması  hazırdır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, həmrəyliyə töhfə vermək fürsəti olacaq: “Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni, biz müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var.”

Forumda müzakirə olunan hər bir məsələ Azərbaycanın real yanaşmasının təqdimatı oldu. Ölkəmiz daim birliyə, həmrəyliyə, əməkdaşlığa çağırışlar edir. Bu çağırışların özündə ehtiva etdiyi əsas ümid isə dayanıqlı sülhün təmin edilməsi əsasında regionun dayanıqlı inkişafına nail olmaqdır. Hazırkı dövr işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Tezliklə Böyük Qayıdış proqramı uğurla başa çatacaq, bu torpaqlarımızda həyat canlanacaq, malik olduqları iqtisadi potensialdan səmərəli istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfələr veriləcək. Yeni əməkdaşlıq formatları üçün yaradılan  imkanlar sülh müqaviləsinin zəruriliyi məsələsini daha da qabardır.

Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və NATO-nun Baş katibi Yens Stoltenberqin dövlət başçısı İlham Əliyev ilə görüşlərində, mətbuata bəyanatlarında da əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məsələləri, o cümlədən COP29 geniş müzakirə edildi. NATO-nun Baş katibini Azərbaycanın yaşıl keçid gündəliyi ilə məlumatlandıran cənab İlham Əliyev bildirdi ki, Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir: “Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun.” Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq NATO-nun Baş katibi bildirdi ki, Azərbaycanda keçiriləcək növbəti COP görüşünü çox səbirsizliklə gözləyirəm. İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız: “Siz böyük potensial haqqında mənə məlumat verdiniz və su elektrik stansiyalarının, eləcə də külək və günəş enerjisi stansiyalarının tikintisi, elektrik enerjisinin Avropa bazarlarına çıxarılması planlarını təsvir etdiniz. COP29 çox mühüm tədbir olacaq.”

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə mətbuata bəyanatında da enerji təhlükəsizliyi əsas müzakirə mövzularından oldu. Qeyd olundu ki, Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Bizim həm resurslarımız, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, həm də  Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda  enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.

Göründüyü kimi, Azərbaycan bütün sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün böyük potensiala malikdir.