Xəbərlər
Azərbaycan ortaya mövqe qoydu
Hicran Hüseynova
Milli Məclisin Komitə sədri, professor
Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi bir daha göstərir ki, Azərbaycan, Türkiyə və Gürcüstan artıq bütün region üçün iqtisadi və siyasi baxımdan uğurlu bir format yaradıblar. Otuz ildən artıqdır ki, ölkəmizə qarşı ərazi iddiaları yolunu seçmiş Ermənistan yenə də Bakı, Ankara və Tbilisinin müttəfiqliyi sayəsində reallaşan bütün müsbət layihələrdən kənardadır və hazırkı mövqeyi davam etdirməklə rəsmi İrəvan dalan ölkəsi kimi qalacaqdır. Buna əmin olmaq üçün bir fakta diqqət yetirmək kifayətdir. Belə ki, Gürcüstanın baş nazirinin paytaxtımıza gəlişindən bir gün əvvəl Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq formatının xarici işlər nazirlərinin IX iclası keçirildi. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri arasında münasibətlərin daha da inkişaf etdirilməsini nəzərdə tutan Bakı Bəyannaməsi imzalandı. Bakı Bəyannaməsində Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətdən bəhs edilir. Bu çox vacib bir məqamdır. Axı, Gürcüstan hələ də ərazi bütövlüyünü bərpa etməyib və müttəfiqlərinin dəstəyinə ehtiyacı var. Azərbaycan isə öz suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa etməyinə baxmayaraq, hələ də sülhə deyil, yeni müharibəyə sadiq olan Ermənistan və onun havadarı Fransa tərəfindən davam edən təxribatları nəzərə alsaq belə bir bəyannamə qəbul edilməsi çox faydalı bir sənəddir. Bundan əlavə, sənəddə qlobal kontekstdə regionun artan nəqliyyat rolundan, Orta Dəhliz və onun həyata keçirilməsinin əhəmiyyətindən bəhs edilir. Eyni sənədlə tərəflər hər üç ölkəni birləşdirən iqtisadi layihələri təsdiq edirlər. Amma bu, Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən, bu üçlüyü bütün Avrasiya məkanı üçün son dərəcə vacib edən ən mühüm şeydir. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Kobaxidze isə mətbuat verdikləri bəyanatda qeyd etdilər ki, ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə son dərəcə vacibdir.
Bu arada qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan arasındakı siyasi münasibətlər hər zaman yüksək səviyyədədir. Bu məsələyə diqqəti çəkən ölkə başçısı İlham Əliyev bildirdi ki: “Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”.
Azərbaycan və Gürcüstan strateji əhəmiyyət kəsb edən bir sıra layihələrin təməlini birlikdə qoymuşdur. Artıq beynəlxalq aləm bir daha şahid olur ki, Azərbaycan nəinki təşəbbüs göstərməyə, hətta həmin layihələri həyata keçirməyə də qadirdir. Gələcək həm Avropa, həm də Asiya üçün xüsusi əhəmiyyət kəsb edən çox mühüm planlar haqqında bəhs edərək ölkə başçısı bildirdi ki: “Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir. Yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.
Həqiqətən də, nəqliyyat sektorunda mövcud olan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaqdır. Bunu da qeyd etmək yerinə düşərdi ki, bu nəqliyyat infrastrukturu Ermənistanın və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin planlarına zidd olan bir layihə idi. O zaman, həmin ölkələr bu layihənin həyata keçirilməsinə bir sıra maneələr yaradır, maliyyələşdirmədən imtina edir, marşrut xəttinin Ermənistan ərazisindən keçməsini tələb edirdilər. Amma Azərbaycan ortaya mövqe qoydu və bütün imkanlardan istifadə edərək bu layihələr həyata keçirildi.
İndi isə vəziyyət dəyişib və Azərbaycan regionda yeni reallıqlar yaratmışdır. Artıq yeni layihələr üzərində işlər gedir. Şübhəsiz ki, bu layihələr Azərbaycana, Gürcüstana, Türkiyəyə və bütün Avrasiya məkanına fayda gətirəcəkdir. Bu həm də ölkələrimizin dünya miqyasında nüfuzunu gücləndirəcək və əhəmiyyətli iqtisadi səmərə verəcəkdir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Cənubi Qafqazın bu iki dövləti davamlı olaraq bütün sahələrdə əlaqələrini genişləndirir. Və əlbəttə ki, hər iki ölkə bu münasibətlərdən ancaq fayda əldə edir. Bəs Ermənistan? O, yenə də regionda həyata keçirilən bütün müsbət tədbirlərdən, layihələrdən yenə kənarda qaldı. Ermənistan himayədarından, regionda öz marağı olan Fransadan həddən artıq asılı vəziyyətdədir. Rəsmi İrəvanın bütün geosiyasi hiylələri iflasa məhkumdur, çünki bu ölkə Azərbaycan və Türkiyə ilə əlaqələr qurmadan inkişaf edə bilməz.