Partiya xəbərləri
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
Martın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.
İclasda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mühüm nailiyyətlərlə zəngin olan 2023-cü ilin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. Ötən ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və konstitusiya quruluşunun tam bərpa olunduğunu diqqətə çatdıran Tahir Budaqov bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra baş tutmuş YAP-ın VII qurultayında Azərbaycanın inkişafında yeni tarixi mərhələnin başlanmasının anonsunu vermiş və partiyanın qarşısında yeni dövrə uyğun addımların atılması vəzifəsini qoymuşdu. Qurultayda YAP-ın yeni Nizamnaməsinin qəbul olunduğunu, daha sonra isə partiyanın yeni Proqramının hazırlanaraq İdarə Heyətinin qərarı ilə təsdiq edildiyini xatırladan YAP Sədrinin müavini qurultaydan keçən müddət ərzində partiyanın həyatında çox önəmli hadisələrin baş verdiyini diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi ilə bağlı 2022-ci ildə ölkə miqyasında və beynəlxalq müstəvidə silsilə tədbirlərin reallaşdırıldığını, ötən il isə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə partiyanın Tədbirlər Planının mütəşəkkil qaydada icra edildiyini xüsusilə vurğulayıb.
2024-cü ilin ölkəmizin gələcəyi üçün mühüm ictimai-siyasi hadisə - növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə başladığını qeyd edən Tahir Budaqov cənab İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin dövlət başçısının ötən 20 il ərzində respublikamıza möhtəşəm uğurlar və qələbələr qazandıran məqsədyönlü siyasətinin qanunauyğun nəticəsi olduğunu söyləyib. O, ölkəmizin bundan sonra da Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərlərə imza atacağına əminliyini ifadə edib.
Sonra iclasın gündəliyi barədə məlumat verilib. İclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2023-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi və cari məsələlər çıxarılıb.
Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Anar İsgəndərov və Elmar Qasımov, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və Auditorlar Palatasının nümayəndəsi Elza Süleymanova çıxış edərək maliyyə hesabatının şəffaf və mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. Sonra 2023-cü il üzrə maliyyə hesabatı İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qanunvericiliyə uyğun olaraq maliyyə hesabatının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə çatdırıb.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Yekunda YAP Mərkəzi Aparatının rəhbəri iclas iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.