Partiya xəbərləri
YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib
Martın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibati binasında qanvermə aksiyası keçirilib.
Aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub. Qanvermə aksiyasına Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.
Mərkəzi Qan Bankının nümayəndəsi Namirə Abbasova Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünün humanist addım kimi mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, mütəmadi olaraq təşkil edilən belə aksiyaların məqsədi talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir.
Namirə Abbasova qeyd edib ki, qana həmişə ehtiyac var: “Çünki qanı heç bir dərman vasitəsi əvəz edə bilməz. İnsanlar ildə bir neçə dəfə qan verə bilərlər. Qanvermənin bir çox faydaları var. Bu, təzyiq xəstələri üçün xeyirlidir, eləcə də infarkt riskini aşağı salır. Ən əsası, insanlar bununla qana ehtiyacı olanlara yardım edirlər. Yeni Azərbaycan Partiyası qanvermə aksiyalarına hər zaman dəstək olur. Budəfəki təşəbbüsünə görə də partiyanın Mərkəzi Aparatına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 300-dən çox YAP üzvü iştirak edib.