Xəbərlər
Gələcək fəaliyyətimizin əsası
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri
Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Görüşdən sonra hər iki ölkə başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İkitərəfli əlaqələrə gəldikdə qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa edilir. Bu addımı yüksək qiymətləndirən cənab Prezident deyib: “Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Sabah biz birlikdə bizim keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq bu mərkəzi açacağıq. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.”
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa eddilməsində ölkəmizə göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarlığını ifadə edən ölkə başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin də ətraflı müzakirə edildiyini qeyd edərək bildirib ki, “Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.”
Hər iki ölkənin bütün beynəlxalq təşkilatlarda, əsasən də BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətini yükəskə qiymətləndirən cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin gələcəkdə də möhkəmləndirməyin zəruri olmasını xüsusi vurğulamışdır: “Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.”
TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsini xüsusi qeyd edən ölkə başçısı bildirdi ki, bu böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etmənin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.
Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələrinin həyata keçirilməsindən məmnunluq ifadə edən cənab Prezident bu gün yaradılmış infrastruktura böyük ehtiyac var və bu, gələcək fəaliyyətimzin əsasını təşkil edəcəkdir.