YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaş ölkə və strateji tərəfdaş

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Son illər Azərbaycan-Qazaxıstan əlaqələri artan xətlə inkişaf etməkdədir. Dövlətlərarası əlaqələrin inkişafında hər iki ölkənin liderlərinin böyük rolu var.  Bu baxımdan, mart ayının 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana dövlət səfəri  iki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək.

Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.  Azərbaycan və Qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrə gəldikdə qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib.

Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında bildirib: “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir”. Xalqlarımızın ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan dövlət başçısı qeyd edib: “İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”.

İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər ölkələri birgə əməkdaşlığa səsləyir. Zamanın bu tələbinə əməl edən ölkələr isə geniş əməkdaşlığa üstünlük verirlər. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycanın Türk dünyası dövlətləri arasında Qazaxıstanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Qazaxıstan Türkiyədən sonra Türk Dövlətləri Təşkilatında təmsil olunan ən böyük dövlətlərdən biridir. Azərbaycan-Qazaxıstan əlaqələri qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində bundan sonra da inkişaf edəcək və bütün sahələrdə əməkdaşlığımızın göstəriciləri nəzərəçarpacaq dərəcədə artacaq.