YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İraq arasında Birgə Komissiyanın ikinci iclası bu ilin sonunadək Bağdadda keçiriləcək

Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası bu ilin sonunadək Bağdadda keçiriləcək.

Bu barədə rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Əli Abbasovun İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə keçirdiyi görüşdə razılıq əldə olunub.

Ölkələrimiz arasında münasibətlərin dinamik inkişafına toxunan Ə.Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində iqtisadi, ticarət, elmi, texniki və mədəni sahələr kimi rabitə və yüksək texnologiyalar istiqamətinin də prioritet əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir iki ölkə arasında bu sahədə yaranan əlaqələrin hazırda yeni müstəviyə qədəm qoyduğunu, aparılan danışıqların məntiqi nəticəsi olaraq, tərəflər arasında əməkdaşlıq imkanlarının genişləndiyini və Azərbaycanın bu istiqamətdə İraqla öz təcrübəsini paylaşmağa hazır olduğunu vurğulayıb.

İraq və Azərbaycan arasında bütün sahələrdə yaxın dostluq münasibətlərinin formalaşdığını qeyd edən səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak hər iki ölkənin tarixi köklərində ümumi cəhətlərin olduğunu bildirib.

Ə.Abbasovun həmsədrliyi ilə Bakıda keçirilmiş Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının uğurlu nəticələrindən söz açan diplomat bu görüşün iki ölkə arasında gələcək münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Görüşdə Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının bu ilin sonunadək Bağdadda keçirilməsi qərara alınıb, həmçinin yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.