YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.

Dövlətimizin başçısına iri fermer təsərrüfatları barədə məlumat verildi. Bildirildi ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Torpaq Fondu hesabına iri fermer təsərrüfatlarının yaradılması prosesi davam etdirilir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı rayonlarında 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib.

Azərbaycan Prezidentinə Cəlilabadın da daxil olduğu Lənkəran iqtisadi rayonu üzrə verilmiş güzəştli kreditlər barədə məlumat verildi. Qeyd olundu ki, indiyədək Lənkəran iqtisadi rayonu üzrə 2528 sahibkara 102,6 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Eyni zamanda, 2250 sahibkara 19 milyon manatadək kiçik həcmli güzəştli kredit verilib və bu kreditlər hesabına 4580-ə yaxın yeni iş yeri yaradılıb. Cəlilabad rayonunda isə 530-dan çox sahibkara 21,7 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 2900-dən çox yeni iş yeri açılıb.

Sonra Prezident İlham Əliyev keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatının sahələrinə baxdı. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Təsərrüfat əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərəcək və yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bu il təsərrüfatda yazlıq qarğıdalı əkilib və hər hektardan orta məhsuldarlığın 10 tondan artıq olacağı gözlənilir. Təsərrüfat üçün ofis binası, nasosxanalar və texnikaların saxlanılması məqsədilə avtopark tikilib. “Aqrolizinq” ASC vasitəsilə Almaniyanın “Claas” şirkətinin istehsalı olan texnika və aqreqatlar gətirilib. Layihənin icrası nəticəsində 50-dək yeni iş yeri yaradılıb.

Dövlətimizin başçısı yaradılmış imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verdi.