Xəbərlər
İnsanlığa qarşı törədilən cinayətlər cəzasız qalmamalıdır
“Ermənistan 30 illik işğalçılıq siyasəti dövründə saysız-hesabsız cinayətlər törədib. Bu cinayətlər sırasında Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın azərbaycanlının itkin düşməsi və onlara qarşı qeyri-insani rəftar xüsusi yer tutur. Ermənistan hələ də onların taleyi haqqında heç bir məlumat vermir. Bu isə beynəlxalq cinayətdir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunduqdan sonra erməni vəhşiliyi faktlarla ortaya çıxır. İşğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar edilməsi də bunu təsdiqləyir. Belə ki, ilk olaraq Fərrux yüksəkliyində, Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Daha sonra, Kəlbəcərin Başlıbel kəndində, Şuşa türməsinin ərazisində, Ağdam rayonunda, Kəlbəcərdə də belə məzarlıqlar üzə çıxarıldı. Bu yaxınlarda isə Xocalı soyqırımının qurbanlarının bir hissəsinin kütləvi basdırıldığı ərazi aşkarlandı. Bütün bunlar erməni vandalizminin göstəriciləridir. Kütləvi məzarlıqda aşkar olunan cəsədlərdə zorakılıqlar aşkar olunub, inanlar əli qandallı basdırılıblar. Bütün bunlar ermənilərin insanlığa qarşı cinayətləridir. Müvafiq qurumlar DNT analizi vasitəsilə həmin cəsədlərin kimə məxsus olduğunu müəyyən edilir. Artıq onların bəziləri müəyyən edilərək doğmalarına təhvil verilib.
Millət vəkilinin sözlərinə görə, Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır. Bugünlərdə Xocalı soyqırımının qurbanı olan bir neçə nəfərin cəsədlərinin kütləvi məzarlıqda aşkarlanması da bunu təsdiqləyir.
Sevinc Fətəliyeva qeyd edib ki, insanlığa qarşı törədilmən bu cinayətlər cəzasız qalmamalıdır və qalmır. 44 günlük Vətən müharibəsində xalqımıza qarşı cinayətlər törətmiş ermənilərin bir qismi öz cəzalarını aldılar. Eləcə də, ötən ilin sentyabr ayında Qarabağda keçirilmiş antiterror tədbirləri zamanı separatçılar diz çökdürüldü, onların başçıları həbs olunaraq Bakıya gətirildilər. Bu canilər törətdikləri cinayətlərə görə cavab verəcəklər.
“Lakin minlərlə azərbaycanlının taleyi haqqında hələ də məlumat yoxdur. Ermənistan tərəfi bu məlumatları verməlidir. Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Çünki itkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat vermək rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər sırasındadır. Bununla belə, itkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz bütün imkanlardan istifadə edir”,-deyə deputat vurğulayıb.