Xəbərlər
Biz tarixi ədaləti bərpa etmişik
Ceyhun Məmmədov
Milli Məclisin deputatı
Biz inanırdıq ki, bir gün Xocalıya geri dönəcəyik. Nəhayət ki, 32 ildən sonra bu baş verdi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.
Biz bu gün Xocalı faciəsinin 32-ci ildönümünü qeyd edirik. Bu, xalqımızın, millətimizin tarixində qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirdi. Xocalı soyqrımı bəşər tarixinin ən qanlı qətliamlarından biri kimi xarakterizə olunmalıdır.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə Bakıda “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. İlk dəfədir ki, Xocalı soyqırımı gününü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq, onların xatirəsini əbədiləşdirmək məqsədilə Xocalı Soyqırımı Memorialının təməlini qoydu.
Xocalı qurbanlarının ruhu bu gün şaddır. Bizim üçrəngli bayrağımız bu gün Xocalıda dalğalanırsa, deməli biz tarixi ədaləti bərpa etmişik.
Ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əksinə oldu. Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi. Cənab Prezidentimizin də Xocalılarla görüşdə qeyd etdiyi kimi: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın“. Əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaqlar.