YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrimiz hər zaman yüksələn xətlə inkişaf edir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Bir-biri ilə sıx tellərlə bağlı olan Azərbaycan və Türkiyənin qardaşlığı, dostluğu daim dünyanın diqqətindədir. Bu birlik, həmrəylik bir nümunə kimi qeyd edilir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin fevralın 19-da seçkilərdən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi diqqətdən kənarda qalmadı. Reallıq budur ki, möhkəm təmələ əsaslanan bu dostluq 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmlənib.  

“Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” söyləyən cənab İlham Əliyev bu reallığı da böyük qürur hissi ilə qeyd etdi ki, hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyir.

Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir. Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgədə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Azərbaycan bu uğurlara öz uğurları kimi sevinir. 44 günlük İkinci Qarabağ müharibəsi bu dostluğu, qardaşlığı dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun 44 günün hər gününü tariximizə uğur səhifəsi kimi yazması qardaş ölkədə də böyük sevinc hissi ilə qeyd edildi. Müharibə başlandığı andan Azərbaycanın yanında olan, sonadək mənəvi və siyasi dəstəyini əsirgəməyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər paradında da iştirak etdi.

Səfər çərçivəsində mətbuata bəyanatında dövlət başçısı İlham Əliyev cənab Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsinin başlandığı andan “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” mesajının, göstərdiyi siyasi və mənəvi dəstəyin  yetərli olduğunu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi  savaş meydanında cəmi 44 gün ərzində həll etdiyimizi xüsusi qeyd etdi.

Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Türkiyə-Azərbaycan əlaqələri hər zaman yüksələn xətlə inkişaf edir. Amma İkinci Qarabağ müharibəsindən sonra əlaqələr yeni yüksək zirvəyə qalxdı. Qarabağın tacı Şuşada dostluğumuz, qardaşlığımız və müttəfiqliyimiz rəsmiləşdirildi və Şuşa Bəyannaməsi imzalandı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, bir nöqtəyə vururlar. Bu birlik gücümüzə güc qatır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Bu mühüm məqamı da qeyd etməliyik ki, qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində öz sözünü deyir. O da məlumdur ki, ötən il Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvanda görüşdülər. Həmin səfər çərçivəsində  İğdır-Naxçıvan qaz xəttinin təməli qoyuldu. Vaxtilə Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü olan TANAP layihəsinin təməlinin qoyulması, həmçinin açılışı da iki dost ölkənin Prezidentlərinin iştirakı ilə həyata keçirildi. Ötən il isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verildi. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu imzalandı. Digər layihələr kimi, bu layihələrin də uğurla icra ediləcəyinə böyük əminlik ifadə edildi. Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən hər bir layihə regionda sabitliyin, sülhün qorunmasına, əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu reallığı da xüsusi vurğuladı ki, vaxtilə  qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edildi. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Nəqliyyat ilə də eyni mənzərə müşahidə edilir. O da bildirildi ki, Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.

Səfər şərçivəsində Prezidentlərin təkbətək, həmçinin geniş tərkibdə görüşlərində iki ölkənin ayrı-ayrı sahələrdə birgə reallaşdırdıqları layihələrdən, atılan addımların uğurlu nəticələrindən geniş bəhs edildi və qarşıdakı dövrdə görüləcək işlərin anonsu verildi. Təbii ki, imzalanan sənədlər yeni hədəflərin aydın mənzərəsini yaradır. Bu sənədlər arasında Azərbaycan-Türkiyə Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunu xüsusi qeyd etmək istərdik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir: “Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.”

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, möhkəm təmələ əsaslanan Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır.

DİGƏR Xəbərlər Arxiv