Xəbərlər
Diplomatik nümayəndəliklərdə səsvermə prosesi mütəşəkkil qaydada davam edir
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılan seçki məntəqəsində səhər saatlarından seçici fəallığı müşahidə olunur. Daşkənd şəhəri və ətrafında yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər.
Rumıniyanın paytaxtı Buxarest şəhərində isə yerli saatla 13:00-a qədər seçicilərin 51 faizdən çoxu səs verib. Səsvermə prezident seçkiləri ilə əlaqədar ölkəmizin Rumıniyadakı səfirliyində yaradılmış 19 saylı Nərimanov birinci seçki dairəsinin 41 saylı seçki məntəqəsində keçirilib.
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyində yaradılmış 19 saylı Nərimanov birinci seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə davam edir. Yerli vaxtla səhər saat 8:00-da məntəqənin qapıları açıldıqdan sonra burada yaşayan, eləcə də Macarıstana qısamüddətli səfər etmiş Azərbaycan vətəndaşları səs verməyə gəlirlər. Məntəqədə seçici fəallığı çox yüksəkdir.
Məntəqə seçki komissiyasının üzvləri öz vəzifələrini yüksək dəqiqliklə yerinə yetirirlər. İndiyədək heç bir qayda pozuntusu qeydə alınmayıb.
Azərbaycanın Estoniyadakı səfirliyində yaradılan 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 45 saylı məntəqədə səsvermə prosesi də davam edir. Səhər saatlarından başlayaraq seçki məntəqəsində seçicilərin yüksək fəallığı müşahidə olunur. İlk dəfə öz seçki hüquqlarından istifadə edən gənclər də xüsusi fəallıqları ilə seçiliblər.
Səfirlikdə yaradılan məntəqədə seçki prosesi davam edir.