YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlk dəfə səs verən gənclər: Zəfər seçkilərində səs vermək qürurludur

Fevralın 7-də keçirilən prezident seçkilərində ilk dəfə səs verən gənclər də var.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin incəsənət və fiziki tərbiyə fakültəsinin tələbəsi olan Abbasəli öz təəssüratlarını belə ifadə edib: “Ola bilər ki, bu iş kiməsə elə-belə, bülleteni götürüb seçki qutusuna atmaq kimi sadə bir iş kimi gəlsin. Amma mən belə düşünmürəm. Mənə elə gəlir ki, burda bir məsuliyyət hissi var. Sən çoxmilyonlu respublikanın bir vətəndaşı kimi xalqın, ölkənin gələcəyinə, onun sükanının hansı əllərə tapşırılacağına səs verir, taleyüklü bir hadisədə iştirak edirsən. Sən bir vətəndaş kimi, ölkənin tam hüquqlu sakini kimi bir növ idarəertmədə iştirak edir, pay sahibi olursan. Bu hissi yaşamaq və bölüşmək çox gözəldir”.

“Dünyada ilk olan nə varsa gözəldir - payızdan sonra təbiətə ağ don biçən ilk qar da, qarlı qışdan sonra yazın gəlişindən soraq verən ilk çiçək də, bağçaya, məktəbə atdığın ilk qədəm də, ali məktəbdəki ilk dərs günü də... Bu gün həmin ilklərin sırasına mənim həyatımda daha biri də daxil oldu: ilk dəfə olaraq seçkidə iştirak edərək səs verdim!”. Bu sözləri isə  paytaxtın Nərimanov rayonundakı 19 saylı seçki dairəsinin 36 saylı məntəqəsində səs verən  gənc seçici Abbasəli Nuriyev deyib.

 “İyirmi iki yaşım var və ilk dəfədir ki, seçkilərdə iştirak edirəm. Bir yandan həyəcanlı, bir yandan da qürurluyam. Builki seçkilər əvvəlkilərdən tam fərqlənir. Çünki bütöv Azərbaycan olaraq öz konstitusion hüquqlarımızdan istifadə edirik. Bizə bu gözəl hissləri yaşadan şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun qəhrəman hərbi qulluqçularına borcluyuq”. Bu sözləri isə  ilk dəfə seçkilərdə iştirak edən gənc seçici Əli Əlizadə deyib. Astara rayonunda qeydiyyatda olduğunu deyən Ə.Əlizadə Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr pilləsində təhsil alır: “Semestr imtahanlarına görə Astaraya gedib səs verə bilməyəcəkdim. Seçkilərdə iştirak etmək üçün qeydiyyatdan çıxma vərəqəsi aldım və paytaxtda səs vermək hüququ əldə etdim. Bu gün də öz hüququmdan yararlandım. Fevralın 7-si mənim üçün yaddaqalan bir tarix olacaq".

 Şəki şəhər sakini Məhəmməd Rəcəbov prezident seçkiləri günündə ikiqat sevinc hissi yaşayıb. Fevralın 7-də 18 yaşı tamam olan Məhəmməd Rəcəbov səs vermək üçün 115 saylı Şəki kənd seçki dairəsinin şəhərdəki 17 nömrəli tam orta məktəbində yerləşən 58 saylı seçki məntəqəsinə gələrkən xoş sürprizlə qarşılaşıb.

Məntəqə seçki komissiyasının sədri İlqar Mustafayev gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim edib. Doğum gününün prezident seçkilərinə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini bildirən Məhəmməd sevinc hissini belə ifadə edib: “Xoşbəxtəm ki, doğum günüm belə əlamətdar günə təsadüf edir. İlk dəfədir səs verirəm və bununla fəxr edirəm. Bu tarixi gün yaddaşımda xoş bir xatirə kimi əbədi qalacaq. Böyük həvəslə seçdiyim namizədə səs verdim. Bir gənc olaraq, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən böyük qürur hissi keçirirəm”. Məhəmmədin səs verdiyi məntəqədə 1024 seçici qeydə alınıb. Onlardan 14-ü ilk dəfə səsvermədə iştirak edir. Ümumiyyətlə, 115 saylı Şəki kənd seçki dairəsi üzrə ilk dəfə səs verən gənclərin sayı 3701 nəfərdir.

Füzuli şəhərində də seçicilər arasında ilk dəfə səs verən gənclər var. Onlardan biri də Amin İsmayılzadədir. O, təəssüratları belə ifadə edib: “Keçən ilin avqustundan Füzuli şəhərinə köçmüşük. Füzuli şəhərində ilk seçki keçirilir. On səkkiz yaşım yeni tamam olub. Bir azdan seçki məntəqəsinə daxil olub, ilk dəfə səs verəcəyəm. Bu, mənim üçün qürurverici hissdir”.

 Azərbaycanın Moldovadakı səfirliyində keçirilən səsvermədə ilk dəfə səs verən gənc seçici Yəhya Muxtarov isə bildirib ki, qalib ölkənin vətəndaşı kimi Zəfər seçkilərində iştirak etmək olduqca qürurludur: “Moldovada ilk dəfə seçkilərdə iştirak edən seçicilərin hamısı özlərini çox xoşbəxt sayırlar. Həmçinin ilk dəfə olaraq bütöv Azərbaycanda səsvermə keçirilir”.