Xəbərlər
Suverenliyini təmin etmiş ölkəmizdə prezident seçkiləri keçirilir!
Şəhid ailələrinin üzvləri seçki prosesindən razı qaldıqlarını ifadə edirlər
“Bu gün Azərbaycan xalqı ən əlamətdar günlərindən birini yaşayır. Çünki ərazi bütövlüyünü, suverenliyini təmin etmiş ölkəmizdə prezident seçkiləri keçirilir”. Bu fikirləri Vətən müharibəsi şəhidi Fuad İsmayılovun atası Murad İsmayılov Naxçıvan MR-də səs verdikdən sonra bildirib.
M.İsmayılov vurğulayıb ki, artıq torpaqlarımız işğaldan azad olunub: “İndi gələcəyimizə səs verməyin zamanıdır. Bu gün insanlar seçki məntəqələrinə bayram ab-havasında gəlirlər. Biz elə seçim etməliyik ki, şəhidlərimizin də ruhu şad olsun. Mən bütün hər kəsi, xüsusən də şəhid valideynlərini, qazilərimizi bu səsvermədə fəal olmağa çağırıram”.
Qeyd edək ki, Lənkəranda yaşlı, xəstə və əlilliyi olan şəxslər üçün ayrılmış daşınan seçki qutusu şəhid Ehtiram Hüseynovun anası Ümbulbani Hüseynovanın evinə aparılıb. Ümbulbani Hüseynova səhhətində olan problemə görə məntəqəyə gedə bilmədiyini, seçkidə səs verə bilmək üçün müraciət etdiyini deyib: “Hər birinizə təşəkkür edirəm. Mənim müraciətimi qəbul edib gəlmisiniz. Arzum idi ki, seçkilərdə iştirak edim. Səhhətim imkan vermədiyi üçün məntəqəyə gedə bilmədim. Şükür, arzum yerinə yetdi, seçkidə iştirak etdim. Azərbaycanın ən layiqli namizədinə səs verdim. Bir oğul itirdim, min oğul qazandım”.
Qeyd edək ki, Ümbulbani Hüseynova Lənkəran şəhər 77 saylı seçki dairəsinin 10 saylı məntəqəsi üzrə səs verib.