Xəbərlər
Siyasi riyakarlıq
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
“İkili standartlar” siyasətini həyat tərzinə çevirən Avropa Şurası Parlament Assambleyası uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
2023-cü ildə Avropa Şurası Parlament Assambleyası missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. Avropa Şurası Parlament Assambleyası digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.
Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.
Azərbaycan üçün nəinki Avropa Şurası Parlament Assambleyasında səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra ölkəmiz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdi. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Azərbaycanın bu cür addımlarının nəzərə alınmaması isə Avropa Şurası Parlament Assambleyasının siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.