YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli mövqe

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi Qərbdə bəzi dairələri çox ciddi şəkildə narahat edib. Öncə Avropa İttifaqının, ardınca isə Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı açıq qərəzi bütün çirkinlikləri ilə üzə çıxıb. Hazırda qurumun tutduğu ermənipərəst mövqe isə həm də o anlama gəlir ki, təcavüzkar, zorakılığa yol verən Ermənistan yox, Azərbaycandır. Əlbəttə, bu yanaşma, bütövlükdə, Avropa Şurasının siyasi mahiyyətini ifşa edir. Bu yanaşmanın qurumu haqsızlıq və ədalətsizlik üçün vasitəyə çevirdiyi aydın şəkildə özünü büruzə verir.

Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, uydurmalar yaymaq, saxta məruzələr qəbul etmək, işğalçı Ermənistanın tərəfini dəstəkləmək idi.

Yanvarın 23-də Fransa və Almaniyanın, erməni lobbisinin məkrli oyunlarının alətinə çevrilən Avropa Şurası Parlament Assambleyasında yaşananlar da bu ssenarinin davamı oldu. Fransa-Almaniya cütlüyünün birgə oyunu ilə Avropa Şurası Parlament Assambleyası bir daha göstərdi ki, artıq bu təşkilat alət rolunu oynayır.

Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana münasibətdə obyektiv mövqe sərgilənmədiyi hər zaman müşahidə edilib. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra isə ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması istiqamətində Avropa müstəvisində çox ciddi fəallaşma olub. tarixən Fransa və Almaniya rəqib olsalar da, müsəlman dünyasına qarşı müttəfiq kimi çıxış edirlər. Bu gün Avropanın müxtəlif platformalarında xüsusilə Fransa və ona bənzər dövlətlərin təşəbbüsləri ilə Azərbaycana qarşı davamlı olaraq siyasi hücumlar edilir.

Avropa Şurası Parlament Assambleyasından bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar Avropa Şurası Parlament Assambleyasının əsas prinsiplərindən öz dar maraqlarını təmin etmək məqsədilə sui-istifadə edirlər. Bu gün Avropa Şurası Parlament Assambleyasında siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürür.

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını ölkə ictimaiyyəti dəstəkləyir. Hesab edir ki, Azərbaycana qarşı əsassız ittihamların səsləndirilməsi, məkrli və hiyləgər oyunların qurulması, əslində, ölkəmizdən çox Avropa Şurası Parlament Assambleyasına zərər verəcək.

Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin qətiyyətli mövqeyi, bilavasitə, Ermənistan hakimiyyətinə və onun xaricdəki havadarlarına da dərs olmalıdır.