YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar

Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanın uğurlarından sonsuz fəxarət hiss ilə bəhs edirik. Son üç ilin qürurverici hadisəsi olan tarixi Zəfərimiz Azərbaycan gəncliyinin hansı potensiala malik olduğunu, torpaq, Vətən sevgisini nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin suverenliyimizin tam təmin olunmasının dünyaya təqdimatlarından olan Xankəndi şəhərində  ötən ilin 8 noyabr tarixində, Zəfərimizin üçünçü ildönümü münasibətilə  keçirilən hərbi paradda söylədiyi «Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir” fikirləri özündə bütün məqamları ehtiva edir.

Bugünümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi bu çağırışın təsdiqidir: “Gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.” Bu kimi çağırışlar sırasında  belə bir mühüm məqam da qeyd edilirdi ki, gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi yaxşı bilməli, inkişaf etdirməli, onların əsl təbliğatçısına çevrilməlidirlər. Gənclərimizin  milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə edilməsi bütün dövrlərin əsas hədəfləri sırasında olub. Gənclərə diqqət və qayğı  Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin əsasını təşkil edib. Hələ hakimiyyətinin birinci mərhələsində ölkəmizin müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərini keçmiş İttifaqın ən nüfuzlu  ali məktəblərində təhsil almağa göndərirdi. Bu, gənclərin yüksək təhsil əldə etmələri ilə yanaşı, Azərbaycanın varlığının, onun tarixinin, milli-mənəvi dəyərlərinin, elminin təbliğində öz  sözünü dedi.  Hərbi kadrların yetişdirilməsi məqsədilə  Ümummilli  Liderin gərgin səyləri nəticəsində  Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı.  1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan respublikasında hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi. Gənclər dövlətimizin onlara   göstərdiyi inam və etimadı doğrultmaq üçün ölkə həyatının bütün sahələrində fəallıqlarını daha da  artırdılar. Məhz bütün bunların  məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin  fəal hissəsidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor  Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ümummilli Liderin  Fərmanı əsasında 2 fevral Gənclər Gününün təsis edilməsi, ölkə Prezidenti İlham Əliyevin sərəncamları əsasında 2007-ci ilin “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi gənclərə böyük etimadın göstəricsidir. Gənclərimizin potensialından səmərəli istifadə, həmçinin onların inkişafını təmin etmək, ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırmaq məqsədilə  mühüm Dövlət proqramları təsdiqlənir və uğurla icra edilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, gənclərimiz  ölkəmizdə keçirilən bütün seçki proseslərində xüsusi fəallıqları ilə diqqətdə olurlar. Hazırda bu fəallıq, ab-hava özünü daha aydın şəkildə büruzə verir. Azərbaycana zəfərlər qazandıran, gənclərin öz potensial imkanlarını səfərbər etmələri üçün geniş meydan açan, onların dövlət idarəçiliyində irəli çəkilməsini əsas hədəf kimi qarşıya qoyan siyasətin uğurlu nəticələri göz önündədir. Cənab İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında bu çağırışı etmişdir: “Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.” Bu gün gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması  əsas çağırış kimi qarşıya qoyulub. Yeni Azərbaycan Partiyasının tərkibində Veteranlar Şurasının yaradılmasını önəmli addım kimi dəyərləndirən Prezident İlham Əliyev bu çağırışı etdi ki, gənc nəslin nümayəndələri ilə görüşlər keçirilməli,  onlara Azərbaycan həqiqətləri barədə məlumatlar verilməlidir. Gənc nəsil bilməlidir ki, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ölkə gənclərinin böyük əksəriyyəti gələcək taleyini Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu,  Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a bağlayaraq bu siyasi təşkilatda potensiallarını nümayiş etdirmək üçün böyük meydan görürlər. Bugünkü gənclər bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir,  zamanın tələblərinə əməli işləri ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər. Dövlət quruculuğu işlərində gənclərə  daha çox üstünlük verilməsi yeni nəslə inam və etimaddan qaynaqlanır. Hazırkı dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq bu gün Azərbaycan gənclərinin yeni texnologiyaların mənimsənilməsinə və tətbiqinə göstərdiyi maraq diqqətdən kənarda qalmır. Heç də təsadüfi deyil ki, Azərbaycan beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınır. Azərbaycan brendi kimi dünyaya səs salan, yeniliyin təqdimatı olan “ASAN xidmət”, DOST mərkəzlərindən çalışanların böyük əksəriyyəti gənclərdir. Gənclərimizin könüllülər hərəkatı “ASAN xidmət”dən başlanıldı. Onlar burada əldə etdikləri təcrübədən bəhrələnərək digər sahələrdəki fəaliyyətlərində bu yenilikləri geniş tətbiq edirlər. Müasir dünyagörüşünə, biliyə malik olan gənclik öz ideyaları ilə gələcək inkişafa böyük töhfə verməyə səy göstərir. Bu, Azərbaycan gənclərinin dövlət başçısı İlham Əliyevin “Biz daim irəli baxmalıyıq” çağırışını əməli fəaliyyətləri ilə təsdiqləmələrinin göstəricisidir.

Vüqar Rəhimzadə  vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondu misilsiz töhfələr verir. Belə ki, Fond Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə müxtəlif  istiqamətlər üzrə layihələr həyata keçirir. Məqsəd gənclərin hərtərəfli yetişdirilməsi, onların Azərbaycanın gələcək inkişafına öz potensial imkanlarından istifadə etməklə töhfələr vermələridir. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikirləri gənclərimizdə özünəgüvən hissini daha da artırır, onlar dövlətimizin başçısının ətrafında daha sıx birləşərək gələcəyə böyük inamla, yeni-yeni hədəflərlə irəliləyirlər. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Biz haqlı olaraq gənclərimizlə fəxr edirik.