Xəbərlər
Uğurlara doğru...
2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Goranboy rayonunun Meşəli qəsəbəsində məskunlaşan Xocalı rayonundan olan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qrupunun üzvü Aqil Məmmədov və digərləri çıxış ediblər.
Çıxışlarda bildirilib ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək qüdrətli Ordu formalaşdırdı və xalqımıza zəfər sevincini bəxş etdi.
Natiqlər həmişə olduğu kimi, xalqımızın bu dəfə də düzgün seçim edərək, dövlətimizin təhlükəsizliyinin, iqtisadi qüdrətinin möhkəmlənməsinin təminatçısı olan cənab İlham Əliyevə səs verəcəyini deyiblər.
Qeyd edək ki, Meşəli qəsəbəsində məskunlaşmış Xocalı rayonundan olan şəhid ailələri də ziyarət olunub. Eyni zamanda, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə fərdi görüşlər keçirilib.