Xəbərlər
Tarixi Zəfərimiz Avropanı narahat edir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Avropa Şurası Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasını həzm edə bilmədiyini açıq-aşkar nümayiş etdirdi. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırmaqla ölkəmizə təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışan bu qurum ikili siyasətin hansı problemlərə gətirib çıxardığının fərqində olmalıdır. Amma bu reallığı da unutmamalıdır ki, Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasət həyata keçirir və heç bir qüvvə ölkəmizin yürütdüyü siyasətə müdaxilə edə bilməz. Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə davamlı uğurlara imza atıb. Ölkəmiz 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik prinsiplərə sadiqliyini əməldə sübut etdi. Bu gün Avropa Şurasının ölkəmizin uğurlarına kölgə salmaq üçün atdığı addımlar onun hansı prinsiplər əsasında fəaliyyət göstərdiyinə işıq salır. Qurum bəzi dünya güclərinin əlində oyuncağa çevrilərək onların maraqlarını yerinə yetirilməsinə səy göstərir.
Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərə diqqət yetirək. 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb etdi. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. Belə ki, 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi.
2023-cü ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı oldu və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil etdi. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul etdi.
Göründüyü kimi, 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri Avropanın bəzi dövlətlərini, təşkilatlarını ciddi narahat edir. Azərbaycan 44 gündə bəzi dünya güclərinin edə bilməduklərini etdi və tarixi ədalət, ərazi bütövlüyümüz bərpa olundu. Bu uğurlarımız bir çox dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın marağına uyğun deyil. Onların davamlı şəkildə həyata keçirdikləri qarayaxma kampaniyası da bunun nümayişidir. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması bağlı təşəbbüsün müəllifi almaniyalı deputat, Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe olsa da məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.
Avropa Şurasının missiyasını unudub, bu və ya digər güclərin əlində oyuncağa çevrilməsi ikrar doğurur. Demokratik prinsiplərin inkişafına dəstək göstərmək əvəzinə, Avropa Şurası insan hüquqları, demokratiya adı aldında hazırlanan ssenarilərinin icrası ilə məşguldur. Xatırlasaq qurum bir müddət əvvəl ermənipərəst qüvvələrin diktəsi ilə “siyasi məhbus” məsələsini gündəmdə saxladı və bundan Azərbaycana təzyiq vasiəsi kimi istifadə etdi. Azərbaycan dövləti əsaslı şəkildə sübut etdi ki, bizdə “siyasi məhbus” yoxdur və bəzi beynəlxalq təşkilatlar bu məsələdən öz çirkin niyyətlərini həyata çevirmək üçün bir vasitə kimi istifadə etməyə çalışırlar.
Müasir müstəqil Azərbaycan hər zaman demokratik təsisatların inkişafını diqqətdə saxlayır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var.
Ölkəmizin beynəlxalq nüfuzunun artması sözünün imzası qədər dəyərli olmasında öz təsdiqini tapır. Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması ölkəmizin ədalətli mövqeyinin, özünəgüvəninin təqdimatıdır.