YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cozep Borrelə dostsayağı məsləhət!

Vahid Novruzov

YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor

Ölkəmizə qarşı münasibətdə ikili standartlar siyasəti hələ illər öncə tətbiq edilməyə başlamış, zaman-zaman səngisə də bu çirkin kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir.

Məsələn, Bakıda birinci Avropa oyunlarının keçirilməsi ərəfəsində biz güçlü anti-Azərbaycan kampaniyasını müşahidə elədik – Avropa parlamenti Azərbaycana qarşı tamamilə əsassız qətnamə qəbul elədi.

Aydın məsələdir ki, Avropada Azərbaycanın imicinə ziyan vurmaqda maraqlı olan müəyyən qüvvələr vardır. Məhz bu faktı nəzərdə tutaraq, Azərbaycan Prezidenti demişdir ki, Azərbaycana qarşı “soyuq müharibə”ni faşizm, irqçilik, antisemitizm, islamofobiya və ksenofobiya tərəfdarları, müsəlman ölkəsinin inkişafını istəməyən qüvvələr həyata keçirirlər.

Qərb ölkələri tərəfindən daim Azərbaycanın və qeyri-Qərb ölkələrinin ünvanına insan hüquqlarının pozulmasına dair ittihamlar yağdırılır.

Lakin Qərbin özünə diqqətlə fikir verilsə, onlarda da çoxsaylı insan hüquqlarının pozulmasına rast gəlmək olar ki, Qərb onlar barədə digər ölkələri ittiham edir.

Qərb ölkələri, xüsusən də Fransa öz ərazilərində etiraz aksiyalarını amansızlıqla yatırırlar.

Lakin bu halda nədənsə heç kim Fransa hakimiyyət orqanlarının, Prezident Makronun hərəkətlərini pisləmir. 

Ölkəmizə qarşı Qərbin ikili standartları son vaxtlarda bəzi özündən müştəbeh ölkələrin, o cümlədən Fransa və Almaniyanın, onların qulbeçələrinin xarici siyasətində xüsusən də Qarabağ məsələsində özünü daha qabarıq göstərir: ikiüzlülük faktiki olaraq bu ölkələrin siyasətçiləri və AŞPA rəhbərliyi üçün çoxdan nankorluq, bədxahlıq, satqınlıq və ələbaxımlılıq kimi keyfiyyətə çevrilmişdir. İkili standartlar bunda özünü göstərir ki, eyni bir hadisə (Ermənistan-Azərbaycan münaqişəsi kimi) bu siyasətçilər tərəfindən həmin anda onlara sərf etməsindən asılı olaraq, ya pislənə, ya da dəstəklənə bilir.

Britaniya yazıçısı Cerald Seymurun “Harrinin oyunu” kitabında işlətdiyi “Kimin üçünsə terrorçu, kimin üçünsə azadlıq uğrunda mübariz” (ingiliscə: “One man’s terrorist is another man’s freedom fighter”) ifadəsi ikili standartlar siyasətinin klassik ifadəsidir.

İkili standartlar siyasəti ictimai rəy vasitəsilə Azərbaycan kimi söz sahibi olanlara təsir göstərmək vasitəsi və öz hərəkətlərinə haqq qazandırmaq üsulu kimi istifadə edilir. İkili standartlarda ittiham etmək də geniş yayılmışdır. Bu hal Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hərəkətlərində çox aydın surətdə özünü göstərməkdədir.

Son vaxtlar özünün anti-Azərbaycan siyasətini daha da gücləndirən və ikili standartlar əsasında “bəstələnmiş” bəyanatlar qəbul edən Almaniya Bundestaqı kimi qurumlar barədə ən səlis cavab da vaxtilə ölkə Prezidenti tərəfindən verilmişdir:

“Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik... Bundestaqdan sonra... Avropa Şurası Parlament Assambleyası anti-Azərbaycan qətnaməsi qəbul edir. Yəni bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər onu onlar yaxşı düşünsünlər.

...O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.

44 günlük müharibədə ölkə Prezidentinin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun qələbəsini həzm edə bilməyən Qərbin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ikili standartlarının “bəhrə”sini biz hamımız yaxşı hiss edirik. İstər Zəngəzur dəhlizi olsun, istərsə də bir qədər əvvəl bilərəkdən şişirdilən hay-həşirli Laçın koridoru.

Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizdə inkişaf etmiş ölkələrlə  bərabərhüquqlu və  qarşılıqlı əlverişli  əməkdaşlığa dair bir çox layihələr baş tutmuşdur və bu sahədə yeni-yeni addımlar atılmaqdadır.                                      

Özünütəcrid siyasəti bizə yaddır. Azərbaycan heç vaxt özünü dünyadan “Çin səddi” ilə ayırmağa çalışmayıb. Biz ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu, bizim üçün prioritetdir. Sivilizasiyalı dövlət olan Azərbaycan bütün dövlətlərlə, Avropa Şurası ilə, digər beynəlxalq təşkilatlarla ikitərəfli münasibətləri inkişaf etdirmək arzusundadır.

Tam əminliklə deyə bilərəm ki, son illərdə ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə öz möhtəşəmliyi, əhatəliliyi, bəşəriliyi ilə fərqlənən yeni bir dünyəvi tədbirin şahidi olacağıq. Bunun əsasında Prezident İlham Əliyevin göstərdiyi diqqəti, zəngin təcrübəsi, beynəlxalq arenadakı şəxsi nüfuzu, ölkə ictimaiyyətini öz ətrafında tarixi missiyaların reallaşdırılması fövqündə bir yumruq kimi birləşdirmək istedadı durur. 

COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu ərəfəsində biz bir daha ölkə Prezidentinin sülhpərvər və humanist siyasətinin, xalqların dinc yanaşı yaşamalarının üstünlüklərinin  dünyaya nümayiş etdirilməsi onun siyasi məharətinin həsəd aparılacaq dərəcədə mükəmməliyinin şahidi olduq. Özü də təkcə biz yox, bütün dünya.

P.S. son olaraq Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti cənab Cozep Borrelə dostsayağı məsləhət vermək istərdim. Son illərdə dünya tibbində ən çox inkişaf edən sahələrdən biri də insan bədəninin müxtəlif hissə və əzalarında aparılan estetik cərrahiyyə əməliyyatlarıdır. Bəzilərinin  heç də təqdir etmədiyi bu sahəyə şəxsən mən anlaşıqlı yanaşıram. Əlbəttə, hər kəsin özünə xoş gəlməyən qüsur və çatışmazlıqlardan yaxa qurtarmaq hüququ vardır. Əsasən də gözəl cinsin nümayəndələri olan gənc xanımların.

Əlbəttə, hər bir sahədə olduğu kimi bu sahədə də istisnalar da olur.

Bəli. Bəzi kişilər də estetik cərrahlara müraciət edirlər. Bunu heç də qəbahət saymaq düzgün olmaz. Bir şərtlə ki, bu əməliyyat zamanında ola və yerinə düşə. Heyif ki, həmişə belə alınmır. Müşahidəmə görə bir neçə ay bundan əvvəl cənab Cozep Borrel də eynəkdən xilas olmaq üçün əməliyyat olunub. Amma çifayda. Eynəkdən xilas olmaq Cozep Borrelin simasına heç də yaraşıq gətirmədi. Bu hələ azmış kimi ağı qara görməyə başladı (Azərbaycana baxışlarında olduğu kimi). Ona görə də mən Borrelə məsləhət görərdim ki, Şurada topladığı pullardan bir az da xərcləyib bütövlükdə gözlərini dəyişsin.