Xəbərlər
Tarixi Zəfərlə regionda yeni reallıqlar yaranıb
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Qobustan rayonunun Poladlı kəndində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, partiyanın Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyevin atası Səristan Bağıyev çıxış ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Qazandığımız tarixi Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıblar. Onlar seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə dəvət ediblər.
Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.