Xəbərlər
Xocalı rayonundan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Oğuz rayonu, “Azərbaycan-60” qəsəbəsində və Şəki rayonu, Çələbixan qəsəbəsində məskunlaşmış Xocalı rayonundan olan seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qrupunun üzvləri Aqil Məmmədov, Aydın Əliyev və Eldəniz Məhərəmov çıxış ediblər.
Natiqlər ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək qüdrətli Ordu formalaşdırdığını, xalqımıza Zəfər sevincini bəxş etdiyini vurğulayıb, seçiciləri Azərbaycanın firavan gələcəyi naminə qalib xalqın qalib Liderinə səs verməyə dəvət ediblər.