Xəbərlər
Müstəqilliyimizin simvolu
Mingəçevir şəhərində seçicilərlə görüş keçirilib
2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Mingəçevir şəhərinin seçiciləri ilə görüşlər keçirilib.
Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, təşviqat qrupunun üzvləri Cavanşir Yusubov, Nurcamal Əsgərova, Rövşən Əhmədov, Mahir Mürsəlov və Nizami İsmayılov, Yaşar İsmayılov çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, məhz bu nöqteyi-nəzərdən cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir. Qeyd olunub ki, son 20 il müddətində Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər tam yerinə yetirilib, xüsusilə Azərbaycan xalqının ən ağrılı problemi olan Qarabağ münaqişəsi kökündən həll edilib, torpaqlarımız erməni işğalından azad olunub. Xalqımızın keçdiyi keşməkeşli yolda Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrilib.
Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir.
Qeyd edək ki, həmin gün Mingəçevir şəhərinin Rəsul Rza, Nigar Rəfibəyli və İslamzadə küçələri və Müslüm Maqomayev prospektində yaşayan seçicilərlə də səyyar görüşlər keçirilib.