Xəbərlər
Əsrə bərabər inkişaf yolu qət olunub

2024-cü il fevral ayının 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Hacıqabul rayonunun Kolanı və Talış kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri İbadulla Ağayev, Ramiz Həsənov və Sahib Aslanov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, 7 fevral tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin son 20 il ərzində Azərbaycanda həyata keçirdiyi siyasət, gördüyü işlər əvəzsizdir. Bu dövr ərzində ölkəmizdə əsrə bərabər inkişaf yolu qət olunub. Qazanılan bütün uğurların əsasında cənab İlham Əliyevin milli maraqlara söykənən siyasəti dayanır.
Natiqlər əminliklə bildiriblər ki, xalqımız Zəfər seçkisində də birlik, həmrəylik nümayiş etdirəcək və qalib Liderini seçəcək. Çünki Azərbaycan xalqı qalib Lider İlham Əliyevin dövlətimizi daha böyük nailiyyətlərə aparacağından əmindir.
Seçicilər öz növbəsində Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəklədiklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, Hacıqabul şəhərində seçicilərlə fərdi görüşlər də keçirilib.