Xəbərlər
Gəncəlilər suverenliyimizi təmin edən Liderə səs verəcəklər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da YAP Gəncə şəhər təşkilatında ziyalılar, ağsaqqallar və din xadimləri ilə, eyni zamanda, Qara Qarayev, M.Ə.Sabir, P.Səmədov, C.Cabbarlı və X.Xasməmmədov küçələrində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təşviqat qrupunun üzvləri Həsən Həsənov, Aidə Qasımova, Əhməd Məlikov, Nəzakət İsmayılzadə və başqaları çıxış ediblər.
Natiqlər bildiriblər ki, 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də prezident seçkilərində Azərbaycan xalqı səsini dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, inkişaf və tərəqqiyə verdi. O tarixi gündən ötən müddət ərzində Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yüksələn xətlə inkişaf edərək, bütün sahələrdə böyük uğurlar qazanıb. Cənab İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları həyatımıza yeni nəfəs gətirdi.
Ölkədə gedən bütün proseslərin mərkəzində olan Yeni Azərbaycan Partiyasının seçkilərə “Qalib xalqın qalib Lideri!” devizi ilə qatıldığına diqqən çəkən natiqlər əminliklə qeyd ediblər ki, bu seçkilərdə də YAP-ın namizədi cənab İlham Əliyev qələbə qazanacaq.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.