Xəbərlər
Azərbaycanın işıqlı sabahı naminə cənab İlham Əliyevi dəstəkləyirik!

Cəlilabad rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvaın 19-da Cəlilabad rayonunun Astanlı və Şiləvəngə kəndlərində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, təşviqat qrupunun üzvləri Ofeliya Qəhrəmanova, Ədalət Əsgərov, seçicilərdən Ataxan Mənsimov, Təyyar Əliyev, Fəyazxan Kazımov, Əsəd Abbasov, Qumru Əhmədova, Səidə Ağayeva, Sürəyya Məmmədova və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyevin rəhbərliyi ilə 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ərazi bütövlüyümüz bərpa edilib.
Bu gün bütün işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Natiqlər Cəlilabad rayonundan olan seçiciləri Azərbaycanın işıqlı sabahı naminə cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.