Xəbərlər
Şərəfli tarix
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il keçir. Azərbaycan xalqı 1990-cı ilin Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 34 il keçməsinə baxmayaraq xalqımızın azadlıq mübarizəsində şəhid olanların hər biri yaddaşımızda əbədi qalacaq. 1990-cı ilin 19-20 Yanvar tarixlərində ermənilərdən ibarət sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi, günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsil həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi. 20 Yanvar hadisələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar da günahkar idilər. Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Azərbaycanın 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir. Baxmayaraq ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edənlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının əsiri olması ucbatından Azərbaycan böyük çətinliklərlə, təhlükələrlə üz-üzə qalmışdı, torpaqlarımız işğal edilirdi, xalqımız yenə də ümidini xilaskarına bağladı, bu çətinliklərdən xilas olacağına inamla yanaşdı. Dahi şəxsiyyətin torpaq, Vətən, xalq sevgisi Onu xalqının səsinə səs verməsini şərtləndirdi. 1993-2003-cü illərdə Azərbaycanın bu günü və gələcəyi üçün görülən işlərin xronologiyasına nəzər salmaq kifayətdir.
Son 20 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir. Uğurlarımız müstəqilliyimizi daimi, dönməz və əbədi edir. Azərbaycanın uğurlarının davamlılğı artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllinə geniş imkanlar yaratdı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə Vətən oğullarının qanı, canı bahasına imza atdı. Bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə, şuşada, işğaldan azad edilmiş bütün torpaqlamızda qürurla dalğalanır.
Hadisələrə ən böyük dəyəri zaman özü verir. İlllər keçdikcə baş verən hadisələrin mahiyyəti, bu günümüz və gələcəyimiz üçün əhəmiyyəti daha aydın dərk edilir. O qanlı-qadalı Yanvar günlərində Azərbaycan xalqı qətiyyət ilə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.