YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qanlı cinayət

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

20 Yanvar faciəsindən 34 il ötür. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk edilir, düzgün qiymətləndirilir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal  uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında  yerləşdirilmişdir. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.

20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi.  Bu hadisə Azərbaycan xalqının iradəsini qıra bilmədi,  milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Müasi müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

20 Yanvar hadisələri faciə kimi qeyd olunsa da, əslində xalqımızın tarixində ən qürurlu, ən şərəfli gündür. Bu faciə ilə xalqımız onun müstəqillik və azadlıq mübarizəsinin qarşısını heç bir qüvvənin ala bilməyəcəyini bir daha dünyaya göstərdi.

Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin dövrdə Ümummilli Lider  Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Öz xilaskarlıq missiyasını yerinə yetirərək yeni Azərbaycan qurdu. Ölkəmiz müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından xilas oldu, sabitlik yarandı, malik olduğumuz resurslardan səmərəli istifadə təmin edildi. Xalqımızın ən mühün arzularından biri təbii sərvətlərinin sahibi olmaq idi. Ulu Öndər iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verərək Azərbaycanın bu günü üçün möhkəm iqtisadi təməl yaratdı. Məhz bu gün neft gəlirlərindən səmərəli istifadə nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması   hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir. 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin daimiliyi, sarsılmazlığı təmin edildi. Dövlətçiliyimizin əsasları yaradıldı. O illərdə yaradılan möhkəm təməl Azərbaycanın son 20  ildən artıq dövrdə yeni hədəflərə doğru inamla irəliləməsini şərtləndirdi. 2003-cü ildən sonrakı dövr müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə xidmət edən addımların atılması, Zəfər səhifələrinin yazılması, eyni zamanda, azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması ilə xarakterizə olunur. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz uğurlarımızın zirvəsi kimi dəyərləndirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin ən möhtəşəm səhifəsini yazdı.  Qarabağ Zəfəri ilə bütün şəhidlərimizin ruhları şaddır. Azərbaycanın müstəqillliyi daimidir, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. Müasir müstəqil, qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Artıq qalib Azərbaycanın həyatında yeni dövr başlayıb. Bu dövr yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurətə çevririr.

Keçilən yolun təhlili göstərir ki, Azərbaycan xalqı hər zaman yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətindədir. Bu reallıq inkaredilməzdir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə inamla addımlayan xalq məğlubedilməzdir. Xalqımızın birliyi, həmrəyliyi, qalib Prezidentinin ətrafında sıx birləşərək gələcəyə inamla addımlaması Azərbaycanın qarşısında geniş üfiqlər açır. Xalqımız hər zaman şəhidlərimizin xatirəsini əziz tutur, onların ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyir.