Xəbərlər
Qəhrəmanlıq və şərəf səhifəsi
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
34-cü ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq və şərəf səhifəsi kimi dəyərləndirilir. 1990-cı ilin 19-20 yanvar tarixlərində əsasən ermənilərdən ibarət Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Kütləvi insan qırğını törədildikdən sonra, 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
İnkaredilməz həqiqətdir ki, xalqımızın müstəqillik, suverenlik arzusu, niyyəti və bu istiqamətdə siyasi oyanışı o dövrdə Sovet hökumətini ciddi narahat edirdi. Xalqımızın bu arzusunu boğmaq üçün cinayət əməlinə, soyqırıma, qırğına əl atıldı, Bakıya qoşun göndərildi, 1990-cı il 20 Yanvar faciəsi yaşandı. Belə ağır bir vaxtda Ulu Öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Ümummilli Lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi.
20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Ümummilli Liderin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.
Xalqımız 20 Yanvarda nümayiş etdirdiyi qətiyyəti ilə bir daha sübut etdi ki, qəhrəman, yenilməz xalqdır, haqqının tapdanmasına imkan verməz, Vətənini, onun müstəqilliyini qorumaq əzmindədir. Artıq Azərbaycan dövlət müstəqilliyinin bərpasının 32 ilini arxada qoyub. Müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycan tarixinə qara səhifə kimi yazılsa da, 1993-cü ildən bu günədək qazandığımız uğurlarla qürur duyuruq. Bu uğurları Azərbaycana qazandıran Heydər Əliyev yoludur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni dövr başladı. Ən əsası müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edildi. Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradıldı. Son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. Üç ildən artıqdır ki, möhtəşəm Zəfərimizin sevincini yaşayırıq. Azərbaycan bir daha dünyaya sübut etdi ki, bu torpaqların sahibi bizik və burada daimi olacağıq. Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizi tam təmin etdik. Dövlət başçısı İlham Əliyev ötən il 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı. Bu gün şəhidlərimizin ruhu şaddır. Şəhidlik zirvəsinə ucalmış Vətən övladları fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı əsasında Zəfər Günü ilə yanaşı, Anım Gününün də təsis edilməsi Azərbaycan dövlətinin hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Müzəffər Ordumuzun yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir.