Xəbərlər
Samux rayonunun Sərkar kəndində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Samux rayonunun Sərkar kəndində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Mehman Əliyev, Mirzəmməd Orucov və Nuranə Həsənova çıxış ediblər.
Çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsi kimi yüksək nüfuz qazanıb. Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan işğala məruz qalan ölkədən qalib dövlətə çevrilib. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, bayrağımız vaxtilə işğal altında olmuş bütün ərazilərimizdə dalğalandırılıb.
“Biz qalib xalq olaraq qalib Liderimizlə fəxr edirik”-deyən görüş iştirakçıları səsvermə günü layiqli və alternativsiz namizəd cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.