Xəbərlər
Xəzər rayonunun seçiciləri ilə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində seçicilərlə görüş keçirilib.
Əvvəlcə “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev” adlı videoçarx nümayiş olunub.
Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, təşviqat qrupunun üzvləri Müşfiq Əliyev, Təvəkkül Səlimov, Altay Mansurov və şəhid atası Etiqad Nehmətov çıxış ediblər. Çıxışlarda son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələrindən bəhs edilib. Bildirilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf siyasəti Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirilir.
Qeyd olunub ki, bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. Prezident İlham Əliyev apardığı məqsədyönlü siyasət ilə ölkə iqtisadiyyatında sürətli və davamlı inkişafa nail olub.
Görüşdə şəhid ailələrinə, eləcə də müharibədə iştirak edən, yaralanan əsgərlərə göstərilən dəstək də vurğulanıb.
Daha sonra təşviqat qrupunun üzvləri Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər və hər kəsi qalib Liderə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.