Xəbərlər
Qobustan rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Qobustan rayonu Sündü kənd seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, təşviqat qrupunun üzvləri Atabəy Cahangirov, Mahir Soltanov, İmran Qurbanov, Ənvər Qayıbov və kənd sakini Ziya Məlikov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, uzaqgörən, müdrik siyasətdən, son 20 ildə Azərbaycanın bütün sahələrini əhatə edən inkişaf yolundan bəhs olunub. Daha sonra seçkilərin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçirilməsi və cəmiyyət tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilməsi diqqətə çatdırılıb.
Natiqlər 7 fevralda keçiriləcək prezident seçkilərində seçiciləri fəal iştirak etməyə, hamılıqla seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.