YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı dəstək

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Kökü eyni, soyu eyni, mədəniyyətləri bir-birinə tarixən bağlı türkdilli xalqlar... Bu bir tarixi faktdır ki, türkdilli xalqların inteqrasiyasında Azərbaycan faktoru daima önəmli yer tutub. Bu inteqrasiyanın ən böyük təşəbbüskarı isə Ulu Öndər Heydər Əliyev olub. Türkdilli xalqların inteqrasiyası yolunda ulu öndərin müəllifi olduğu təşəbbüslər bu gün geniş coğrafi məkanda əməkdaşlığı genişləndirir, bugünkü inteqrasiyada əsas ideya xətti olaraq çıxış edir. Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Ulu Öndər Heydər Əliyev o zaman deyirdi: “Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”.
Türkdilli ölkələrlə əməkdaşlıqdan söhbət düşəndə ilk olaraq Azərbaycan-Türkiyə münasibətləri göz önünə gəlir. Münasibətlərimizin tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” fikirlərinə əsaslanır.
Bu gün Prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın sıx dostluq və qardaşlıq münasibətləri, Türkiyə-Azərbaycan əlaqələrinin tarixdə görünməmiş yüksək tərəfdaşlıq səviyyəsində inkişafı həm də türkdilli ölkələrin birliyinin möhkəmləndirilməsi üçün də əsas faktora çevrilib. Tarix boyu türk xalqları və dövlətləri arasında mənəvi körpülərin möhkəmləndirilməsində ideoloji platforma missiyasını yerinə yetirən Azərbaycan, qarşılıqlı münasibətlərin iqtisadi, siyasi, mədəni, humanitar və digər istiqamətlərdə inkişafı üçün səylərini əsirgəmir, təşəbbüsləri və praktik addımları ilə bu mühüm və tarixi prosesə öz töhfəsini verir.
Xüsusilə qeyd etməliyik ki, türkdilli ölkələr birliyinin yaradılmasında Azərbaycan-Türkiyə münasibətləri əsas faktor kimi çıxış edir. Təkcə son bir neçə il ərzində rəsmi Ankaranın və Bakının bu birliyin formalaşması üçün həyata keçirdikləri siyasi və iqtisadi layihələri qeyd etmək kifayətdir ki, bu iki ölkənin Türkdilli ölkələrin birliyi üçün nə qədər önəmli olduğunu anlayasan. Azərbaycan və Türkiyənin misilsiz qardaşlıq münasibətlərinin, strateji müttəfiqliklərinin, həyata keçirdikləri ortaq layihələrin uğurlu nəticələri türk dövlətlərinin ortaq dil, tarix və mədəniyyət platforması üzərindən təşkilatlanması ideyasının cazibədarlığını daha da artırıb, bu prosesin bütün türk dövlətlərini əhatə etməsi və qarşılıqlı etimad mühitinin formalaşması üçün əlverişli zəmin formalaşdırıb.
Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi bu gün Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Xüsusilə son illər ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin səmimi dostluq münasibətləri əsasında inkişaf etdiyinin ən bariz göstəricisidir.
Bəli, bu gün Azərbaycan ilə Türk dövlətləri arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Gəlin türk dövlətləri ilə iqtisadi əlaqələrimizə nəzər yetirək. Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilmiş 10-cu yubiley Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illər Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu qeyd etdi və bildirdi ki, hazırda ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinə başlanmışdır. Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılmışdır. Azərbaycanın Türk dövlətləri ilə iqtisadi münasibətlərində nəqliyyat və logistika sahəsi aparıcı yerlərdən birini tutur. Bu gün Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir.
Digər bir məqama diqqət edək: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə qardaş ölkələrin verdiyi töhfələr, açıq şəkildə səmimi dostluğun təzahürləridir. Azərbaycan Prezidentinin açıqlamalarında diqqəti cəlb edən məqamlardan biri də Özbəkistan və Qazaxıstanın ölkəmizə etdikləri hədiyyələrin yüksək dəyərləndirilməsi oldu. Məlum olduğu kimi, Azərbaycan üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra özünün işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri yalnız öz vəsaitləri hesabına, heç bir maliyyə yardımı almadan, kredit götürmədən həyata keçirir. Prezident İlham Əliyev öz çıxışında konkret rəqəmlər səsləndirərək bu məqsədlə artıq Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsaitin sərf olunduğunu və növbəti ildə ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağını vurğuladı. Təbii ki, bu, çox böyük rəqəmlərdir. Eyni zamanda, görülən işlərin fonunda dostluq və qardaşlıq jesti olaraq Füzuli şəhərində Özbəkistan dövlətinin inşa etdirdiyi orta məktəb və Qazaxıstanın hədiyyəsi olan yaradıcılıq mərkəzi ölkələrimiz və xalqlarımız arasında münasibətlərin səmimiyyətindən xəbər verir. Bu münasibətlər isə, əlbəttə ki, bütün Türk dünyasının daha da möhkəmlənməsinə xidmət edir.
Beynəlxalq əlaqələrdə də türkdilli ölkələrin sıx inteqrasiyası diqqəti cəlb edir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.
Eyni milli kökləri bölüşən türkdilli ölkələrin bir təşkilat daxilində fəaliyyəti həm də iqtisadi baxımdan əhəmiyyət kəsb edir. Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyada əhatə olunan və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişləndirilir. Beləliklə, iyirmi birinci əsrin ortalarına doğru Türk Birliyi dünya miqyasında əsaslı faktora çevrilir. Bu prosesdə Azərbaycan amili isə həm iqtisadi, həm də siyasi baxımından aparıcı rola malikdir.