YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyaya həmrəylik çağırışı

Vahid Novruzov

Azərbaycan Respublikası Auditorlar Palatasının                 

sədri, YAP Veteranlar Şurasının üzvü,

iqtisad elmləri doktoru, professor

Sübut etməyə ehtiyac yoxdur ki, Yer kürəsi getdikcə daha da güclənən deqradasiya olunmaqdadır. Qlobal istiləşmənin nəticəsi hesab olunan bu proses dünyanın bütün mütərəqqi qüvvələrini sözün əsl mənasında bərk narahat edir və əməli tədbirlər görməyi tələb edir. Digər sahələrdə olduğu kimi qlobal istiləşməyə qarşı mübarizəyə və yaşıl iqtisadiyyatın inkişafına artıq neçə illərdir ki, xüsusi önəm verən Azərbaycan Prezidenti bu istiqamətdə ölkəmizin nəinki regionda, bütün dünyada belə novator, yenilikçi ölkə kimi nüfuz qazanmasına, yeni dövrün çağırışlarına adekvat cavab tədbirləri görülməsinə sözdə yox, əməldə nail olunmasını əsas götürərək belə bir sərəncam imzaladığını düşünürəm.

Bundan əlavə ölkəmizdə yaşıl enerjinin inkişaf tempinin sürətləndirilməsi, işğaldan azad olunmuş ərazilərin “yaşıl” enerji və iqtisadiyyat diyarına çevrilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər də 2024-cü ilin yaşıl dünya üçün həmrəyliyi zərurətinə dəlalət edir. Başqa sözlə dünyada hökm sürən “klimatik eqoizmin” “klimatik həmrəyliklə” əvəzlənməsinin aktuallığını dünya ictimaiyyətinə bəyan edir.

Təbii ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” adlandırılması beynəlxalq birliyin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsidir.

Ölkəmizin yüksək imicinə, Prezidentimizin sözü ilə əməlinin vəhdətinə, sülhpərvər siyasətinə, yeni dövrün çağırışlarına sədaqətinə, dövlətimizin rəhbərinin cəsarətinə və qabiliyyətinə, xalqımızın dünya dəyərlərinə hörmətinə söykənən bu qərar tarixi olduğu qədər də dünya ictimaiyyətinə ümidverən bir çağırışdır.

Bir faktı da nəzərinizə çatdırmaq istərdim. Tərəflər Konfransı adlanan COP ilk dəfə keçirilən 1995-ci ildən 2023-ci ilə qədər 28 dəfə keçirilmişdir. Bu konfrans aşağıda göstərilən şəhərlərdə (ölkələrdə) baş tutmuşdur:

Berlin (Almaniya), Cenevrə (İsveçrə), Kioto (Yaponiya), Buenos Ayres  (Argentina), Bonn (Almaniya), Haaqa (Niderland), Mərakeş (Mərakeş), Nyu-Dehli (Hindistan), Milan (İtaliya), Monreal (Kanada), Nayrobi (Kenya), Bali (İndoneziya), Poznan (Polşa), Kopenhagen (Danimarka), Konkeen (Meksika), Durban (Cənubi Afrika), Doha (Qətər), Varşava (Polşa), Lima (Peru), Paris (Fransa), Kotovista (Polşa), Madrid (İspaniya), Qlazqo (Böyük Britaniya), Şarm-əl-Şeyx (Misir) və Dubay (Birləşmiş Ərəb Əmirliyi).     Konfrans yalnız 2020-ci ildə pandemiya səbəbindən keçirilməyib.

Bu siyahıdan da göründüyü kimi Azərbaycan nəinki post sovet məkanında, həm də Polşa istisna olmaqla Şərqi Avropada COP konfransının keçirilməsinə beynəlxalq birliyin ilk razılıq verdiyi ölkədir. Məncə bununla fəxr etməyə dəyər!

COP ildə bir dəfə keçirilir. BMT praktikasına uyğun olaraq bu beynəlxalq iqlim konfransı Afrikada, Asiyada, Latın Amerikasında və Karib hövzəsində, Mərkəzi və Şərqi Avropa bölgələrində növbəlilik əsasında keçirilir.

Maraqlıdır ki, Yer kürəsinin aqibətinə ilk həyəcan təbili 1972-ci ildə Stokholmda keçirilən Yer Sammitində səslənmişdir. Bununla belə, yalnız 20 il keçəndən sonra 1992-ci ildə  Rio-de-Jeneyrada keçirilən III Yer Sammitində ətraf mühitin qorunması zərurəti öz kəskinliyi ilə diqqət mərkəzində olmuşdur.

COP isə tarixi başlanğıcını 1995-ci ildə Berlində keçirilmiş birinci konfransdan götürür.

İqlim dəyişikliyi bütün ölkələrin həyatı və ilk növbədə iqtisadiyyatı üçün çox arzuolunmazdır. Bəzi ölkələr üçün isə bu ziyan daha böyükdür. İqlim dəyişikliyindən  ən çox əziyyət çəkən 55 ölkənin birgə hazırladıqları məruzədə göstərilir ki, son iyirmi ildə onların ümumi itkiləri ildə 525 milyard dollar təşkil etmişdir ki, bu da onların ÜDM-nun 20%-i həddindədir. Hesablamalara görə əməli tədbirlər görülməsə belə itkilərin həcmi 2030-cu ildə 580 milyard dollara qədər arta bilər. Bunu nəzərə alaraq COP27-də 200 ölkənin razılığı ilə inkişaf etməkdə olan ölkələrə yardım Fondu yaradılmışdır. İnkişaf etmiş ölkələrin biganəliyi ucbatından belə bir fondun yaradılması qərarının qəbulu 25 ilə mümkün olmuşdur.

Dubayda öz işini başa çatdıran COP28-də Beynəlxalq İqlim Fondunun yaradılması müəyyən ümidlər doğursa da, onların reallaşması üçün çox işlər görülməlidir. Bəzi inkişaf etmiş və ətraf mühitin korlanmasında “töhfəsi” böyük olan ölkələr bu işə laqeyid münasibət göstərməkdə davam edirlər. Məsələn, beynəlxalq fonda ildə ABŞ 17,5 mln dollar, Yaponiya isə cəmi 10 mln dollar köçürməyi nəzərdə tuturlar ki, bu da gülüş doğurmaya bilməz. Halbuki BƏƏ və Almaniya hər biri ildə Beynəlxalq İqlim Fonduna 100 mln dollar keçirməyə razılıq vermişlər.

Lakin bir cəhəti nəzərə almaq lazımdır ki, əvvəl təbiəti korlayıb, onun düzəlməsi üçün vəsait axtarmaq yox, ətraf mühitə belə qənim kəsilməkdən əl çəkmək daha məqbul yoldur.

Fikrimizcə, ölkəmizdə gələn il keçiriləcək COP29-da bu məsələyə dünya ölkələri daha çox diqqət yetirməli olacaqlar. Bu işdə könüllü ianə prinsipindən müstəqil ekspertlər tərəfindən dəqiq hesablanmış vurulan ziyana görə məcburi kompensasiya üsuluna keçid önəmli rol oynaya bilər. Məhz bu sahədə ölkələrin həmrəyliyi mühüm əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində cənab Prezidentin imzaladığı sərəncamın bəşəri faydalarına dəlalət edir.

Tam əminliklə deyə bilərəm ki, son illərdə ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə öz möhtəşəmliyi, əhatəliliyi, bəşəriliyi ilə fərqlənən yeni bir dünyəvi tədbirin şahidi olacağıq. Bunun əsasında Prezident İlham Əliyevin göstərdiyi diqqəti, zəngin təcrübəsi, beynəlxalq arenadakı şəxsi nüfuzu, ölkə ictimaiyyətini öz ətrafında tarixi missiyaların reallaşdırılması dövründə bir yumruq kimi birləşdirmək istedadı durur.  Müstəqil Azərbaycanımızın dünya çapında önəmli bir rol oynamağa yönəlik COP29-un uğurla keçirilməsində biz hər birimiz cənab Prezidentin yanında olmalı, hər bir kəs əlindən gələni etməlidir.

 Son olaraq COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu ərəfəsində biz bir daha ölkə Prezidentinin sülhpərvər və humanist siyasətinin, xalqların dinc yanaşı yaşamalarının üstünlüklərinin  dünyaya nümayiş etdirilməsi onun siyasi məharətinin həsəd aparılacaq dərəcədə mükəmməliyinin şahidi olduq. Özü də təkcə biz yox, bütün dünya.

Dahi bir mütəfəkkirin - alman filosofu İmmanuel Kantın müdrik bir kəlamını xatırlatmaq istərdim: “Bir-birinə qarşı yox, bir-birilə iqtisadi əməkdaşlıq regional münaqişələrin transformasiyasına gətirib çıxara bilər”.