YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi əhəmiyyətə malik...

Emin Bagırov

Mexanika üzrə fəlsəfə doktoru, siyasi şərhçi

Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı deyərdim ki, mühüm tarixi əhəmiyyətə malik bir sənəddir. Bərpaolunan enerji istehsalı və ixracı ilə bağlı prioritet xarakter daşıyan bu mükəmməl sərəncam ölkəmizdə həm ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsini nəzərdə tutur, həm də Azərbaycanın gələn il COP29-un paytaxtımızda keçirilməsinə qərar verməsini respublikamızın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisi kimi dəyərləndirir.  Beynəlxalq birliyin belə bir qlobal tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı isə 120 ölkənin dəstəyini qazanmasından və etimadı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmasından, habelə dünya səviyyəsində dövlətimizin başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir.  Azərbaycanın COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini bir sıra digər məqamlar da şərtləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır. Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra ölkəmizin dünyada daha güclü dövlət kimi tanınması da bu məsələdə önəmli rol oynayır. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir və Prezident İlham Əliyev adıçəkilən müşavirədə bununla bağlı deyib: “Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir”. Ölkəmizin COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini şərtləndirən amillərdən biri də respublikamızın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirməsi, Azərbaycanda müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviyyədə təşkili ilə bağlıdır. Bütün bunlarla bərabər, Azərbaycanın ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çəkir. Bu, statistik göstəricilərdən də aydın gürünür. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının həcmini 35 faizə və 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşıya mühüm vəzifə kimi qoyur.  Onu da bildirək ki, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub. Göründüyü kimi, neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl enerji” növlərinin yaradılmasını və onun dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşdirib. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə razılıqla qarşılanması da məhz vurğulanan siyasətdən qaynaqlanıb. Şübhəsiz ki, bu zaman Prezident İlham Əliyevin bu sahədə–bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayıb.