Xəbərlər
Sülh müstəvisində…
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Prezident İlham Əliyevin xarici kanallara, informasiya agentliklərinə müsahibələri daxili və xarici auditoriya tərəfindən hər zaman maraqla izlənir.
Prezidentin bu müsahibələri Azərbaycan xalqının mövqeyinin xarici auditoriyaya çatdırılması və dövlət siyasətinin təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının “Euronews” televiziyasına müsahibəsi də milli maraqlarımızın beynəlxalq aktorlara açıq-aşkar çatdırılması və xalqımızın sülhpərvər mövqeyinin nümayiş olunması baxımından əhəmiyyətlidir.
Prezident müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha konkret olaraq ifadə etdi. “II Qarabağ müharibəsində əldə olunan qələbədən sonra yeni reallıq yaranıb. Azərbaycan şərtləri diktə edən tərəfdir. Buna baxmayaraq, dövlətimiz sülhpərvər və humanist mövqe nümayiş etdirərək və sülh prosesində təşəbbüskar tərəf kimi çıxış edir. Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Qarabağ məsələsi bitib. Azərbaycan öz suverenliyini bərpa edib. Qarabağda separatçı rejimin ləğv edilməsi fonunda sülh müstəvisində heç bir əngəl qalmayıb. Ölkəmiz sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsip üzrə razılaşmanın əldə edilməsində maraqlıdır. Bunlar bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması, gücdən istifadə etməmə, bir-birinə ərazi iddialarının olmaması, iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması kimi vacib prinsipləri əhatə edir. Sözsüz ki, bu təkliflər beynəlxalq hüquqa əsaslanır.
Ölkəmizin başçısı Ermənistanda azərbaycanlıların sayı məsələsini də xüsusilə vurğulayıb. Qeyd edilib ki, hazırda Ermənistanda və Azərbaycanda analoji olaraq azərbaycanlıların və ermənilərin sayı ilə bağlı konkret faktlar mövcuddur. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığın məsələsi bu müstəvidə qaldırıla bilər. Çünki ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsi mövcuddur. Bu mənada Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti birmənalı olaraq qalır. Qarabağ erməniləri ilə bağlı Azərbaycan beynəlxalq ictimaiyyətə mövqeyini bəyan edib. Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti, tarixi və dini yerlər lazımınca qorunur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bir neçəsi Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır və bütün hüquq və təminatlardan faydalanırlar. Qarabağ ermənilərinin hüquqları təmin olunacaq. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə və orada yaşamağa davam edə bilərlər.
Cənubi Qafqazda şərtləri diktə edən tərəf Azərbaycandır. Bundan sonra regionun inkişaf orientirlərini Azərbaycan müəyyən edir və gələcəkdə də bu belə olacaq. Yaranmış yeni reallıq qarşısında şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində də ölkəmizə qarşı zidd mövqedə dayanan qüvvələrin siyasətində korrektələr olacaq. Regionda sülhün və sabitliyin tam təmin olunması üçün müəyyən vaxt lazımdır. Etimad mühitinin yaranması üçün atılmış qarşılıqlı addımlar, sülh və sabitliyin təmin olunması real imkanların yarandığını deməyə əsas verir. Bu xüsusda, Azərbaycanın qətiyyətli mövqeyi və milli maraqlara, eləcə də beynəlxalq əməkdaşlıq prinsipinə əsaslanan siyasəti önəmli rol oynayır.