YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Boykot” tamaşası

“Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunduqdan sonra Əli Kərimlinin ənənəvi monoloqlarından bəlli olurdu ki, AXCP hər zaman olduğu kimi bu dəfə də seçkilərdə iştirakdan imtina edəcək, necə deyərlər, “boykot” tamaşası yolunu seçəcək. Şübhə yoxdur ki, AXCP bu “kirli” siyasi addımı atmaqla növbəti dəfə acizliyini, destruktivliyini nümayiş etdirdi, sifarişli siyasi təxribat ilə xalqa xəyanət yolunu seçdi. Əli Kərimli qrant layihələrini vacib bilərək “boykot” tamaşası vasitəsilə sabit ictimai və siyasi münasibətlərdə emosional və qalmaqallı situasiya yaratmaq, antiAzərbaycan dairələrinin təxribatlara yol açan planlarına oynamaq niyyətini ortaya qoydu. Manipulyasiya və siyasi alver ilə məşğul olan Əli Kərimli hətta, seçkilərdə iştirakdan imtina etməklə az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş oldu”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, əslində Azərbaycan ictimaiyyəti dövlət qeydiyyatından keçmək üçün 5 min imzanı toplamağı bacarmayan AXCP-nin acizliyini və zəifliyini görmüşdü. “Boykot” tamaşası isə növbəti dəfə AXCP-nin bütün uydurma miflərini puç etdi: “Əli Kərimlinin “boykot” tamaşası qərarı tərəfdarları ilə yanaşı bu günə qədər AXCP-yə loyal münasibət bəsləmiş digər müxaliflərin də narazılığına səbəb oldu. Hər həftə canlı yayım üçün dəvət etdiyi, “Əli bəyim” deyə müraciət etdiyi Sevinc Osmanqızı bu addımdan sonra Əli Kərimlini ifşa etdi, hətta efirinə çıxardığı jurnalist Beydulla Manafova AXCP sədrinin ünvanına “əməkdar artist” dedirtdi. Tural Sadıqlı ilə AXCP üzvü Məhəmməd Mirzəli də canlı yayında Əli Kərimlini qınamaqla qalmadı, hətta ələ saldılar. Məhəmməd Mirzəlinin “Əli bəyin “boykot”unu heç kəs tanımır” fikri radikalların AXCP sədrinə olan münasibətini ümumi qaydada nümayiş etdirdi. Sosial şəbəkə fəalı Kəramət Böyükçöl isə seçkilərdə iştirakdan imtina etmiş Əli Kərimlini siyasi mübarizədən də çəkilməyə, yəni istefa verməyə çağırdı. Eyni zamanda, bir müddət öncə hər kəs müxalif youtube kanallarında keçirilmiş sosioloji sorğularda Əli Kərimlinin necə rəzil vəziyyətə düşməsinin və böyük səslə həbsdə olan Qubad İbadoluna məğlub olmasının da şahidi oldu. Bütün bunlar bir daha AXCP və Əli Kərimli haqqında bu günə qədər trol qrupların sosial şəbəkələrdə formalaşdırmağa çalışdığı “imic”in sabun köpüyü kimi partladığını isbatladı. Son bir ay ərzində onlarla cəbhəçinin AXCP-dən ictimai qaydada istefa verməsi və bunun səbəbi kimi Əli Kərimlinin avtoritar idarəçiliyini, partiya daxili dözülməz vəziyyəti göstərməsi isə bir daha real vəziyyəti sübut etdi”.

Ramil Vəlibəyov əlavə edib ki, AXCP-nin “boykot” tamaşasının ictimai-siyasi proseslərin, xüsusilə də seçkinin gedişatına təsiri mümkünsüzdür. Çünki AXCP siyasi palitrada güc amili olmadığından, “ölü” partiya təsiri bağışladığından, sosial bazası olmadığından onun hər hansı qərarı nəticəsizdir. Bu günə qədər keçirilmiş bir çox seçkilərdə də eyni tamaşanı qurmuş AXCP və onun sifarişçiləri məqsədinə nail ola bilməyib, əks effekt verməklə bu partiyanın daha da zəifləməsinə, sıradan çıxmasına səbəb olub. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu dəfə də AXCP-nin “boykot” tamaşası nəticəsiz qalacaq, bumeranq effekti verəcək.