YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük hədəflərə hesablanmış tarixi hadisə

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Gələn il qalib və qüdrətli Azərbaycanın siyasi həyatında önəmli hadisələrlə yadda qalacaq. Xüsusilə Prezident İlham Əliyevin 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Ona görə ki, bu, işğaldan azad olan ərazilərimizdə ilk dəfə keçiriləcək Zəfər seçkisidir. Bəli, məhz postmüharibə dövrünün reallıqlarını özündə əks etdirən bu seçkidə işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələri fəaliyyət göstərəcək. Mərkəzi Seçki Komissiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında bildirilib ki, hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici səs verəcək. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər. Göründüyü kimi, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr antiterror tədbirləri nəticəsində həm ölkəmizdə, həm də regionda yaranan reallıqlar yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amilə çevrilib. Növbədənkənar prezident seçkiləri məhz yeni hədəflərə doğru atılacaq mühüm siyasi addımlardan biridir. Qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri qalibiyyət təntənəsi ilə yerinə yetirib, atdığı addımları ilə özünün “Nəyi, necə və nə vaxr etmək lazımdır mən bilirəm” tezisini reallaşdıraraq yalnız qalib Sərkərdə olduğunu deyil, həm də müdrik dövlət başısı olduğunu təsdiq edib. Dövlətimizin başçısı məhz ən qətiyyətli addımları ilə Ülu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanı dünyaya təqdim etməkdə davam edir. Üçrəngli bayrağımız bu gün Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda dalğalanır. Bu, bir çoxları üçün xəyal idi- əlçatmaz görünürdü. Ancaq Prezident İlham Əliyev bununla da mümkünsüz görünən ən çətin işləri reallaşdırdı. İndi dünyada separatçı və terrorçu xuntalar xeyli çoxdur. Onlarla mübarizədə hətta ən böyük dövlətlər çəttinliklərlə üzləşirlər. Ancaq Azərbaycan yeganə dövlətdir ki, təpədən dırnağadək silahlanmış Ermənistanın işğalçı ordusunu və onun himayə etdiyi və artıq tarixin zibilliyinə atılmış qondarma “DQR”-i darmadağın edərək ərazi bütövlüyümüzü tamamilə bərpa etdi. Hətta Xankəndidəki xunta “lider”lərini əli qandallı Bakıya gətirərək ədalət mühakiməsinə təslim etdi. 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər, Laçın işğaldan döyüşsüz azad edildi. 2023-cü ilin 23 aprel tarixində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünün tam bərpası oldu. Ermənistanın sözügedən Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, mütəmadi təxribatlar törətməsi bu ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun bir günlük lokal antiterror tədbirlərinə başlamasına səbəb oldu. Bu lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Ötən illərin qələbə dolu günlərinə nəzər salanda bir daha aydın olur ki, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərinin keçirilməsi zərurətdən irəli gəlir.

Son 20 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzumuz daha da artdı, Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi. Vurğulamalıyıq ki, regionda tam müstəqil siyasət yürüdən ölkəmizə qısqanclıqla yanaşanlar az deyil. Məhz Azərbaycanın həm hərbi, həm diplomatik meydandakı uğurlarını həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün ölkəmizin siyasi sisteminin daha da mükəmməlləşdirilməsi strateji əhəmiyyətli məsələdir. Ona görə də 7 fevral 2024-ü il tarixli növbədənkənar prezident seçkiləri dövlətimizin siyasi sisteminə yeni möhtəşəm çalarlar bəxş edəcək.