Xəbərlər
Önəmli töhfə
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır.
Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya qaz tədarükü nəticəsində Azərbaycan qazını idxal edən ölkələrin sayı 8-ə çatıb. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artmasının bariz göstəricisidir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir.
Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. 2023-cü ilin dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi-interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir”.
Prezident İlham Əliyev qeyd etmişdir ki, “gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır”.
Avropanın enerji problemlərində əsas çıxış yollarından birini Azərbaycan dövləti oynayır. Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin genişlənməsi, ölkə prezidentinin gerçəklədirdiyi səfərlər ölkəmizin Şərqi və Mərkəzi Avropada mövqelərinin xeyli gücləndiyini göstərir. Gələcəkdə bu əməkdaşlıqdan həm Balkan ölkələri, həm də Azərbaycan xeyli iqtisadi fayda əldə edəcəkdir.