YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev alternativsiz namizədimizdir

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

15 dekabr 2023-cü ildə Yeni Azərbaycan Partiyası İdarə heyətinin genişləndirilmiş tərkibdə iclası keçirilmişdir. İclasda Prezident İlham Əliyevin namizədliyi irəli sürüldü.

YAP üzvü olaraq mən hesab edirəm ki, cənab Prezidentimizin yenidən namizəd olaraq irəli sürülməsi tamamilə məntiqidir, haqlıdır və qanunauyğundur. Çünki keçən 20 il ərzində cənab İlham Əliyev sübut etdi ki, O hər bir Azərbaycan Respublikası vətəndaşının Prezidentidir.

Hər şeydən öncə qeyd etmək lazımdır ki, 07 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkiləri müstəqillik tarixmizdə ilk seçki olacaq ki, Azərbaycan Respublikasının bütün ərazisində təşkil olunacaq. Hər birimizə məlumdur ki, uzun illər idi ki, düşmən tapdağı altında qalan Qarabağ və ona bitişik ərazilərdə – beynəlxalq münasibətlərdə Boz Zona olaraq adlandırılan bu tip bölgələrdə –  hüququn realizəsinin mümkünlüyü aradan qalxdığından hansısa hüquqi prosedurların həyata keçirilməsi, eləcə də seçki prosesinin təşkili mümkünsüz olduğundan bu ərazilərdə seçkilər keçirilə bilməmişdi. Ancaq bu gün torpaqlarımızın işğaldan azad olunaraq suverenliyimizin tam şəkildə bərpa olunması reallığı imkan verir ki, seçki tariximizdə bir ilki yaşayaq və bu seçkilər müstəqil Azərbaycanın bütün ərazisində keçirilsin.

Əslində növbədənkənar prezident seçkiləri ərazilərimiz işğaldan azad edildikdən sonra bu günədək o ərazilərdə təşkil olunmuş hüquqi təsisatlar və həyata keçirilmiş hüquqi proseslər içərisində ən mötəbəri və ölkə üçün ən taleyüklüsü və həlledicisi rolunu oynamaqla ərazi bütövlüyümüzün və suverenliyimizin bir daha hüquqi müstəvidə təsbiti olmuş olacaq.

Artıq qeyd olunduğu kimi 1995-ci ildə ilk milli Konstitusiyamızı qəbul edən zaman torpaqlarımızın 20%-i düşmən tapdağı altında idi. Bu seçkiləri labüd edən digər faktor isə Konstitusiyamızın 1-ci və 2-ci maddələrinin müddəalarından ortaya çıxan mənadır. Müvafiq olaraq hər iki maddəyə nəzər saldıqda görmüş oluruq ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi və suverenliyin daşıyıcısı xalqdır. Təbii ki, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı olmaq Azərbaycan xalqının müstəsna hüququdur. Bu hüquqdan istifadənin forması da seçkilərdir. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə de fakto hal de jure olaraq da öz təsbitini tapmış olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının Prezidenti bütün ərazilərimiz üzrə xalqın mandatını əldə etmiş olacaq.

Son 20 ildə Prezident İlham Əliyev tərəfindən ictimai həyatın demək olar ki, bütün sferalarında planlı şəkildə həyata keçirilən islahatlar bu gün artıq öz bəhrəsini verir.

Belə ki, ölkə iqtisadiyyatının güclənməsi istiqamətində aparılan dövlət siyasətinin, görülən işlərin bariz örnəkləridir ki, 20 il ərzində Azərbaycana 300 milyard dollardan artıq sərmayə qoyulmuş, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artmış, ölkədəki yoxsulluq səviyyəsi 50 faizdən 5,5 faizə qədər enmişdir.

Bu illər ərzində ölkəmizin regionda və beynəlxalq arenada digər dünya dövlətləri ilə qarşılıqlı formada maraqların təmin olunması prinsipi çərçivəsində qurduğu əlaqələr Azərbaycanın dünya miqyasında nüfuzunun artması; qeyri-formal şəkildə “Etibarlı tərəfdaş dövlət” statusu alması; regionda və dünyada gedən müharibələr, dövlətlərarası münaqişələrə baxmayaraq, ölkə mənafelərinə uyğun dövlət siyasəti aparmaqla yanaşı, digər dövlətlərə qarşı eyni məsafədə dayana bilməyi bacarması; İlham Əliyev diplomatiyasının keyfiyyət göstəriciləridir. Məhz qeyd etdiyimiz sonuncu göstəricinin bariz nümunəsidir ki, Azərbaycan 193 ölkədən 155-nin müsbət rəyini alaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir və dünyada BMT-dən sonra ən böyük təsisat kimi 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatının fəal üzvlərindən biri olaraq artıq 4-cü ildir ki, (nəzərə alaraq ki, üzvlərinin təklifi ilə Azərbaycanın sədrliyi bir il də artırılmışdır) bu Hərəkata sədrlik edir.

Ermənistanın uzun illər davam edən işğal siyasətindən sonra 44 günlük müharibə ilə əldə etdiyi uğurlar nəticəsində işğala son qoyaraq torpaqlarımızı düşmən işğalından azad etməklə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyan və yaxın gələcəkdə iki dövlət arasında sülh sazişi imzalanması nəzərdə tutulan bir nöqtəyə gətirən cənab Prezidentin dövlət siyasəti anlayışı, qeyd olunanlarla yanaşı BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın bir müddətdir ki, icrasını gözləyən müvafiq qətnamələrinin icrasını təmin etmiş olmaqla, bu gün dünyada bu istiqamətdə də mühüm bir yeniliyə, əslində beynəlxalq hüquqda örnəyinə az rast gəlinə biləcək bir presedentə də imza atmış oldu.

Xüsusilə vurğulamaq lazımdır ki, həm döyüş meydanında, həm də masa arxasında əldə olunan uğurlarla Vətən müharibəsini Zəfərlə baş vuran Azərbaycan, son illər ərzində regionda gedən bütün siyasi proseslərin mərkəzinə çevrilmişdir. Son olaraq 2024-cü ildə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi edəcək olması İlham Əliyev diplomatiyasının növbəti uğurudur.