Xəbərlər
Xalqın Prezidentinə inamının, etimadının təqdimatı
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü və yekdilliklə qəbul olundu. Bu qərar, eyni zamanda, xalqın Prezidentinə inamının, istəyinin təqdimatı oldu. 20 ildə verdiyi hər bir vədi konkret əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyevə xalqın sevgisi, inamı sonsuzdur. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və işğaldan azad edilən bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Xankəndidə Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə hərbi parad keçirildi. Qarabağın tacı Şuşa iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilib. Ağdam və Zəngilan Azərbaycan Milli Şəhərsalma Forumlarına ev sahibliyi etməklə ölkəmizin təkmil şəhərsalma təcrübəsini dünyaya təqdim edib. Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edilib. Bu kimi qürur duyacaq məqamları, hadisələri xeyli sayda sadalaya bilərik. Tarixi sahibinə qovuşan torpaqlarımız quruculuq meydanına çevrilib. Bütün bunlar Ümummillii Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təmələ söykənərək cənab İlham Əliyevin apardığı təkmil, dövrün, zamanın tələblərinə uyğun islahatların nəticəsidir. Növbədənkənar prezident seçkiləri, cənab İlham Əliyevin Prezidentliyə namizədliyi Azərbaycanın yalnız 2018-ci il prezident seçkilərindən sonrakı dövrün deyil, ümumilikdə son 20 ilin reallıqlarına söykənir. Bu baxımdan ki, ölkədə keçirilən hər bir seçki prosesi ötən dövrün uğurları fonunda gələcək illərin hədəflərini müəyyənləşdirməyə əsas verir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində Heydər Əliyev siyasətinin davam etdirilməsini vacib amil kimi önə çəkərək bugünkü uğurlarımızın əsasını qoydu. Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirmişdir. Belə bir əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə cənab İlham Əliyev axıra çatdıra biləcək. Son 20 ilin uğurları dövlət başçısı İlham Əliyevin bu etimadı yüksək səviyyədə doğrultduğunu, xalqın seçimində heç zaman yanılmadığını təsdiqləyir.
Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın strateji inkişaf konsepsiyasını hazırladı və uğurla həyata keçirir. O, torpaqlarımızın 30 il davam edən işğalına son qoyaraq Azərbaycanın ən böyük problemini həll etdi. Dövlət başçısı İlham Əliyev adını çoxəsrlik dövlətçilik tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. O, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaratdı, güclü və müstəqil Azərbaycan naminə çalışdı. Bununla da xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanaraq liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer qazandı.
Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi vaxtdan ötən 20 il zaman baxımından qısa dövr olsa da uğurların, Azərbaycanın təqdimatına edilən əlavələrin miqyası baxımından zəngin dövrdür. 20 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Əvvəldə də qeyd etdiyimiz kimi 2023-cü il Azərbaycan tarixinə növbəti Zəfər səhifəsini yazdı. Belə ki, sentyabrın 19-da rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin edildi. Bu gün ölkədə geniş müzakirə olunan, Azərbaycanın gələcək inkişafı üçün müəyyənləşdirilən hədəfləri açıqlayan növbədənkənar prezident seçkiləri də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından irəli gəlir. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini tam əhatə edəcək seçkilər keçiriləcək. Bu seçkilər, eyni zamanda, Zəfər seçkiləri kimi dəyərləndirilir. Tarixi Zəfərimizə və onun yaratdığı reallıqlara söykənən bu mühüm addım 20 ilin uğurları fonunda gələcəyə hansı hədəflərlə getdiyimizi bir daha nümayiş etdirir. Əsas hədəfimiz Böyük Qayıdış proqramının icrasının uğurla başa çatması və soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdır. Hazırda bu torpaqlarda görülən genişmiqyaslı bərpa-quruculuq işləri, reallaşan mərhələ-mərhələ qayıdış prosesi də cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin böyük iqtisadi və maliyyə imkanlarına malik olmasının təqdimatıdır.